Azedu.az

ChatGPT-də artıq belə yazılar yazdıra bilməyəcəksiniz

Maraqlı

29 İyul 2026, 11:58
ChatGPT-də artıq belə yazılar yazdıra bilməyəcəksiniz

OpenAI şirkətinin hazırladığı süni intellekt əsaslı söhbət modeli ChatGPT məşhur yazıçıların yazı üslubunun birbaşa təqlid edilməsinə dair siyasətində dəyişiklik edib.

AzEdu.az-ın xarici KİV-dən əldə etdiyi məlumatına görə, ChatGPT artıq həm yaşayan, həm də vəfat etmiş yazıçıların yazı üslubunu eynilə təkrarlamağı tələb edən sorğuları qəbul etmir. İstifadəçilərin sosial şəbəkələrdə paylaşdıqları nümunələr göstərir ki, sistem belə hallarda birbaşa imtina cavabı verir.

Aparılan sınaqlardan birində ChatGPT-dən məşhur britaniyalı yazıçı Agatha Christie üslubunda detektiv hekayə yazması istənilib. Süni intellekt isə yazıçının əsərlərinin müəllif hüquqları ilə qorunduğunu bildirərək, onun özünəməxsus üslubunu olduğu kimi təqlid edə bilməyəcəyini qeyd edib.

Bunun əvəzinə ChatGPT Christie yaradıcılığına xas olan sirr elementləri, diqqətlə yerləşdirilmiş ipucları və gözlənilməz sonluq kimi xüsusiyyətləri özündə birləşdirən, lakin tamamilə orijinal bir hekayə hazırlaya biləcəyini vurğulayıb.

Mütəxəssislərin fikrincə, bu yanaşma OpenAI-ın müəllif hüquqlarının qorunmasına daha ciddi yanaşmağa başladığını göstərir. Belə ki, əvvəlki dövrlərdə ChatGPT xüsusilə vəfat etmiş yazıçıların üslubunu təqlid etməkdən imtina etmirdi.

OpenAI məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bununla belə, texnologiya sahəsində fəaliyyət göstərən ekspertlər hesab edirlər ki, şirkətin son dövrlərdə üzləşdiyi müəllif hüquqları ilə bağlı məhkəmə çəkişmələri bu qərarın qəbul edilməsində rol oynamış ola bilər.

Onların fikrincə, məşhur yazıçıların özünəməxsus yazı üslubunun birbaşa təqlid edilməsinin məhdudlaşdırılması gələcəkdə yarana biləcək müəllif hüquqları ilə bağlı hüquqi mübahisələrin qarşısının alınmasına xidmət edir.

Abituriyenti tələbə edəcək qızıl qaydalar - ÇOX VACİB
Son xəbərlərDaha çox