Ali təhsil müəssisələrinin "Memarlıq" ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün 16 - 20 iyul (saat 23:59-dək) 2026-cı il tarixlərində müvafiq linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, "Memarlıq" ixtisasını I ixtisas qrupu üzrə ümumi balı minimum 200 olan abituriyentlər seçə bilərlər.
I ixtisas qrupu üzrə blok imtahanının 2-ci cəhdində iştirak edən, lakin imtahan nəticələri hələ elan olunmayan abituriyentlər də qeydiyyatdan keçə bilərlər. Ancaq həmin abituriyentlər nəzərə almalıdırlar ki, nəticələr elan olunduqdan sonra ümumi balları 200-dən aşağı olarsa, qabiliyyət imtahanının nəticəsindən asılı olmayaraq onlar ixtisas seçiminə buraxılmayacaqlar və qabiliyyət imtahanı üçün ödənilən rüsum geri qaytarılmayacaq.
Qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı elektron ərizələrində "Memarlıq" ixisası ilə yanaşı I ixtisas qrupunun digər ixtisaslarını da seçə bilərlər.
Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan “Memarlıq” adlı xüsusi buraxılışında verilib.