Daha əvvəl məlum olmayan bir kometa hazırda Günəşdə yanaraq məhv olub.
AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası özünün "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, bu səma cisminin nə rəsmi adı, nə də kataloqlarda qeydiyyat nömrəsi olub. Alimlərin sözlərinə görə, söhbət milyardlarla il əvvəl formalaşmış kiçik bir kosmik cisimdən gedir. Hadisələrin gedişi nəticəsində nəhəng planetlərin cazibə qüvvəsinin təsiri ilə o, birbaşa Günəşə doğru istiqamətlənib.
"Bu, sadəcə kiçik, indiyədək heç kimə məlum olmayan, milyardlarla il əvvəl yaranmış və təsadüflər zənciri nəticəsində nəhəng planetlərin cazibə qüvvəsinin təsiri ilə birbaşa Günəşə doğru yönəlmiş bir daş idi. O, ölümündən bir an əvvəl alovlandı və dərhal da əbədi olaraq söndü. Həqiqətən kədərlidir", - deyə laboratoriyanın paylaşımında bildirilir.
Mütəxəssislər qeyd ediblər ki, Günəşlə toqquşmadan qısa müddət əvvəl kometa parlaq şəkildə alovlanıb. Lakin bu parıltı cəmi bir neçə an davam edib və səma cisminin mövcudluğunun sonunu ifadə edib.