Azedu.az

III ixtisas qrupu üzrə ölkə birincisi olan Ayan uğur sirrini AÇDI

Şagirdlər

17 İyun 2026, 20:49
III ixtisas qrupu üzrə ölkə birincisi olan Ayan uğur sirrini AÇDI

24 may 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olunub.

Belə ki, hər iki mərhələnin nəticələrinin cəminə əsasən III ixtisas qrupu üzrə 688,7 bal toplayaraq ən yüksək nəticəni göstərən abituriyent Tovuz rayonu Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbin məzunu Ayan Musayeva olub.

A. Musayeva qəbul imtahanının birinci mərhələsində 291,7, ikinci mərhələsində isə 397 bal toplayıb.

AzEdu.az bu münasibətlə Ayanla həmsöhbət olub.

Abituriyent bildirib ki, əldə etdiyi nəticə onun üçün gözlənilməz olmayıb:

“Qapalı sualların hamısını imtahandan sonra evə qayıdanda yoxlamışdım və onların hamısını düzgün cavablandırdığıma əmin idim. Açıq suallardan daha çox bal itirəcəyimi düşünürdüm. Təxminən 390 baldan yuxarı nəticə gözləyirdim”.

O, qəbul imtahanında ən çətin fənnin Azərbaycan dili olduğunu qeyd edib:

“Ümumilikdə hesab edirəm ki, bu il blok imtahanı əvvəlki illərlə müqayisədə daha yüngül olub. Amma üç fənn arasında Azərbaycan dili mənə bir qədər çətin gəldi. Xüsusilə açıq tipli və cədvəlli suallar üzərində daha çox düşündüm”.

A. Musayeva imtahana hazırlığa 8-ci sinifdən başladığını deyib:

“9-cu sinifdə buraxılış fənləri üzrə, 10-cu sinifdən isə III ixtisas qrupu üzrə blok fənləri ilə yanaşı, tarix və ədəbiyyat fənləri üzrə də hazırlığa başladım. İki il ərzində blok fənləri üzrə sistemli şəkildə hazırlaşdım”.

O bildirib ki, uğur qazanmasının əsas səbəblərindən biri vaxtını düzgün planlaşdırması olub:

“11-ci sinifdə daha çox öz ixtisas qrupumun fənlərinə fokuslanırdım. Buraxılış imtahanından sonra isə bütün diqqətimi blok imtahanına yönəltdim”.

Gələcəkdə hüquqşünaslıq ixtisası üzrə təhsil almağı düşündüyünü deyən A. Musayeva universitet seçimi ilə bağlı hələ yekun qərar vermədiyini bildirib.

Digər abituriyentlərə tövsiyələrini də bölüşən məzun planlı çalışmağın və özünəinamın vacibliyini vurğulayıb:

“Hər bir abituriyentin öz iş qrafiki olmalıdır və həmin qrafik üzrə hazırlaşmalıdır. Təkcə müəllimlərin verdiyi tapşırıqlarla kifayətlənmək olmaz. Özünə inam ən vacib şərtlərdən biridir. Motivasiyanı heç vaxt itirməmək lazımdır. İmtahan zamanı isə həyəcanı idarə etmək və ən yaxşı bildiyin fəndən başlamaq daha yaxşı nəticə əldə etməyə kömək edir”.

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox