Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-24 12:15:00
Dünyanın ilk universitetində oxuyan azərbaycanlı: “İmtahan uğur qazandıran  xüsusi otaqlar var ki...”

“Boloniya Universitetinin Boloniya  şəhərindən başqa Ravenna, Çezena, Forli, Rimini və Argentinanın Buenos-Aires şəhərində kampusları mövcuddur. Universitet İtaliyada beynəlxalq tələbələrin  ən çox oxuduğu ali təhsil müəssisəsidir”.

Bunu AzEdu.az-a müsahibəsində  İtaliyada oxuyan gənc  soydaşımız  İsgəndər Cəfərzadə deyir.

Son  illər  gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb.

Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd  proqramına əsasən müəyyən edirlər.

Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam əmin ola bilmirlər.

Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar  daha əsaslı olur.

Bu dəfə İtaliyanın Boloniya Universitetində təhsil alan İsgəndər Cəfərzadə universiteti haqqında zəruri bilgilərini bizimlə bölüşüb:

İsgəndər Cəfərzadə hazırda Boloniya Universitetində Biznesin  idarə edilməsi  və Menecment  ixtisası üzrə magistr təhsili alır.

Öncə, universiteti haqqında ümumi məlumat:

İtaliyanın ən qədim ali təhsil müəssisəsi Boloniya Universitetidir.  Nüfuzlu italyan qəzeti olan “La Repubblica” Boloniya Universitetini 5 il ard-arda İtaliyanın ən yaxşı ali təhsil müəssisəsi adına layiq görüb. Universitetin əsası 1088-ci ildə qoyulub.

Yaxşısı budur, universitet haqqında İsgəndər özü bizə məlumat versin:

“Boloniya Universiteti   Avropa və hətta dünyanın ilk ali təhsil müəssisəsi sayılır”-deyən İsgəndər universiteti haqqında fəxrlə danışır:

“Boloniya Universiteti hazırda“QS World University Ranking”-ə görə dünyada 180-ci yerdədir. Boloniya şəhərindən başqa Ravenna, Çezena, Forli, Rimini və Argentinanın Buenos-Aires şəhərində kampusları mövcuddur. Təhsil aldığım Boloniya Universiteti İtaliyada ən çox beynəlxalq tələbələrin  oxuduğu ali təhsil müəssisəsidir. Ona görə də, ingilis dilində tədris proqramları çoxdur.

 Universitetdə tələbələr ən çox sosial yardım sayılan “income based” təqaüdünə müraciət edirlər. Burada təqaüdü verən təşkilatlar regionlar üzrə dəyişir. Məsələn: Boloniya Universitetinin yerləşdiyi Emilia-Romagna regionunda bununla “Er.Go” məşğul olur. Onu da qeyd edim ki, “Invest your Talent” və bir sıra daxili təqaüdlərə müraciət etmək olar. Təhsil aldığım universitetin ən böyük üstünlüyü həm İtaliya, həm də Avropada böyük bir nüfuza sahib olmasıdır. Eyni zamanda, universitetin üstünlüklərindən biri də  beynəlxalq proqramlarda əməkdaşlıqlarının çox olmasıdır”.

İsgəndər bildirib ki,  tələbələr universitetin kitabxanalarında imtahanlara hazırlaşmağa üstünlük verir:

“Boloniya Universitetində kitabxanalar olduqca zəngindir.  Kitabxanalar bir tələbənin rahat dərs çalışması üçün  hər şeylə təchiz olunub. Ona görə də, bir çox tələbələr imtahanlara orada hazırlaşmağa üstünlük verir. Həmçinin, universitetdə qrup işləri üçün müzakirə apara biləcək xüsusi otaqlar mövcuddur.

 Boloniya Universitetində təhsil haqqı ixtisasdan asılı olaraq dəyişir. Təhsil haqqı təxminən, 2000-3500 avro civarındadır. Universitetdə tələbələr təqaüdlə oxuduğu zaman təhsil haqqından azad olurlar. Əgər tələbənin universitetlə bağlı hər hansı  problemi olarsa bu zaman o professora və ya “student office”-ə müraciət edə bilər.

Tələbələr universitetdə hər hansı çətinliklərlə qarşılaşmırlar. Amma akademik il yeni başladığı zaman  ev tapmaqda müəyyən çətinliklərlə üzləşirlər”.  

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları