Azedu.az

Araşdırma: 100 illik rəng nəzəriyyəsi tamamlandı

Maraqlı

7 İyun 2026, 16:42
Araşdırma: 100 illik rəng nəzəriyyəsi tamamlandı

Alimlər məşhur fizik Erwin Schrödinger tərəfindən təxminən bir əsr əvvəl irəli sürülən rəng nəzəriyyəsindəki əsas boşluğu aradan qaldırdıqlarını açıqlayıblar.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni tədqiqat insanın rəngləri necə qavradığını daha dəqiq izah etməklə yanaşı, fotoqrafiya, video texnologiyaları və elmi vizuallaşdırma sahələrində mühüm yeniliklərə yol aça bilər. 

Araşdırma Los Alamos National Laboratory əməkdaşı Roxana Bujack rəhbərliyində aparılıb. Tədqiqatçılar həndəsə və riyazi modellərdən istifadə edərək rəng qavrayışını təşkil edən üç əsas xüsusiyyət – ton (hue), doyma səviyyəsi (saturation) və parlaqlığın (lightness) rəng məkanının öz daxili quruluşundan qaynaqlandığını göstəriblər. 

Alimlərin fikrincə, bu xüsusiyyətlər sonradan öyrənilən və ya mədəni təsirlərlə formalaşan anlayışlar deyil, insan beyninin rəngləri qəbul etmə sisteminin təməl hissəsidir. Araşdırma göstərib ki, rənglər arasındakı fərqləri müəyyən edən riyazi model həmin xüsusiyyətləri özündə təbii şəkildə ehtiva edir. 

İnsan görmə sistemi qırmızı, yaşıl və mavi işığa həssas üç növ konusvari hüceyrə üzərində qurulub. Bu səbəbdən alimlər rəngləri üçölçülü məkan kimi modelləşdirirlər. Şrödinger 1920-ci illərdə bu yanaşma əsasında rənglərin ton, doyma və parlaqlıq kimi xüsusiyyətlərini izah edən nəzəri model hazırlamışdı. 

Lakin nəzəriyyədə mühüm bir boşluq var idi. Şrödinger qara ilə ağ arasında yerləşən boz rənglər oxunu – "neytral oxu" – formal şəkildə müəyyənləşdirməmişdi. Halbuki onun bütün modeli məhz həmin ox üzərində qurulurdu. Bu səbəbdən nəzəriyyə riyazi baxımdan tam hesab olunmurdu. 

Yeni araşdırmada alimlər həmin neytral oxu yalnız rəng məkanının həndəsi xüsusiyyətlərindən istifadə etməklə müəyyən etməyə nail olublar və beləliklə, 100 ilə yaxın açıq qalan problemi həll ediblər. 

 

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər vuruldu - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox