İyunun 5-i tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür.
AzEdu.az xatırladır ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Onun atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından olub, müəllimlik fəaliyyəti ilə yanaşı, həm də yaradıcılıqla məşğul olaraq şeirlər yazıb. Uşaq yaşlarında valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb.
İbtidai təhsilini rus-tatar məktəbində alan şair, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı Darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Daha sonra Azərbaycan Dövlət Darülfünunun (universitetinin) Dil və ədəbiyyat fakültəsini bitirərək əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Onun son iş yeri Bakı şəhərindəki 18 saylı orta məktəb olub. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayan Müşfiq, həmçinin bədii tərcümə ilə də ciddi məşğul olub.
Şair 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. Mikayıl Müşfiq repressiya dövründə, 1938-ci il yanvarın 6-da güllələnib. Daha sonra, 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr edilib.
Hazırda şairin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, həmçinin qəsəbəyə, məktəbə, küçəyə və meydana onun adı verilib.
2018-ci ildə Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə sərəncam imzalayıb.