Azedu.az

“Əzbər yox, düşüncə tələb olunurdu” - Tarix imtahanına müəllim ŞƏRHİ

Müəllimlər və elm adamları

26 May 2026, 12:15
“Əzbər yox, düşüncə tələb olunurdu” - Tarix imtahanına müəllim ŞƏRHİ

II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanından sonra abituriyentlərin böyük əksəriyyəti tarix fənninin çətin olduğunu bildirir.

Maraqlıdır, tarix sualları əvvəlki illərlə müqayisədə daha mürəkkəb idimi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən İsmayıllı rayonu Elşad Bayramov adına Talıstan kənd tam orta məktəbinin tarix müəllimi, 2022-ci ildə "İlin gənc müəllimi" seçilən Orxan Əhmədov qeyd edib ki, II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanından sonra abituriyentlərin böyük əksəriyyəti tarix fənninin çətin olduğunu bildirsə də, lakin III qrup üzrə tarix sualları əvvəlki illərlə müqayisədə daha asan idi:

183961

“Xüsusilə situasiya sualı bizi çox təəccübləndirdi. Daha yüksək səviyyəli və düşündürücü suallar gözləyirdik. Bu qədər asan təqdim olunacağını açığı gözləmirdik. Amma II qrup üzrə tarix sualları nisbətən daha çətin idi. Xüsusilə situasiya sualı bir çox şagirdi ciddi şəkildə çətin vəziyyətdə qoydu və vaxt baxımından onları xeyli yordu.

Buna baxmayaraq, imtahanın ümumi nəticələrə uyğun şəkildə dəyərləndiriləcəyini də unutmaq olmaz. Əslində, sualların böyük hissəsi proqram çərçivəsində idi. Sadəcə bəzi tapşırıqlarda diqqət, analiz və məntiq daha çox tələb olunurdu. Xüsusilə II qrup üzrə situasiya tipli suallar abituriyentləri düşündürdü və vaxt itkisinə səbəb oldu. Bir çox şagird məhz zaman çatışmazlığından narazı qaldı.

III qrup üzrə isə tarix sualları əvvəlki illərlə müqayisədə daha rahat və cavablandırılması mümkün görünürdü. Hətta bəzi müəllim və abituriyentlər situasiya sualının gözlənildiyindən xeyli sadə olduğunu qeyd etdilər.

Ümumilikdə, əsas problem proqramdan kənar suallar deyil, sualların təqdimetmə forması və vaxtın düzgün bölüşdürülməsi idi".

O. Əhmədov bu il tarix suallarını ümumi olaraq normal və balanslı qiymətləndirir:

"Öncədən sualları tərtib edən şəxslərə təşəkkürümü bildirirəm. Suallar nə həddindən artıq ağır, nə də proqramdan kənar idi. Əksinə, diqqətlə hazırlaşan abituriyentlər üçün cavablandırılması mümkün səviyyədə hazırlanmışdı. Hətta düşünürəm ki, zəif nəticə göstərən və ya özünə çox güvənməyən şagirdlər belə müəyyən qədər sualları cavablandıra biləcək vəziyyətdə idilər. Əsas məsələ həyəcanı idarə etmək və vaxtı düzgün bölüşdürmək idi.

Ən çox sevindirən məqamlardan biri isə odur ki, bu dəfə tarix sualları abituriyentləri ümidsizliyə salacaq qədər ağır deyildi. Çünki bəzən bir imtahan uşaqların aylarla çəkdiyi zəhməti kölgədə qoya bilir. Bu dəfə isə əziyyət çəkən şagirdlərin özlərini göstərmək şansı daha çox idi.

Məncə, “tarix çox çətin idi” fikri bir qədər emosional yanaşmadır. Suallar ümumilikdə proqram daxilində idi və əvvəlki illərlə müqayisədə tam fərqli, əlçatmaz səviyyədə görünmürdü. Sadəcə bu il daha çox diqqət, məntiqi əlaqə və mövzulararası düşünmə tələb edən suallar var idi. Hazırlığı zəif olan abituriyentə çətin görünə bilərdi, amma normal çalışan şagird üçün yazıla biləcək səviyyədə idi. Əsas odur ki, bir imtahan heç kimin taleyini müəyyən etmir. Yaxşı yazanları təbrik etmək, zəif yazanları isə ruhdan düşməməyə çağırmaq lazımdır. Qarşıda hələ imkanlar və ikinci şanslar var".

"Bu ilki tarix suallarında məncə sadəcə əzbər bilik kifayət etmirdi",- deyə həmsöhbətimiz fikrinə əlavə edib:

"Daha çox analiz, müqayisə və məntiqi düşünmə tələb edən tapşırıqlar üstünlük təşkil edirdi. Mövzunu sadəcə oxuyan yox, hadisələr arasındakı əlaqəni anlayan şagirdlər daha rahat cavab verə bildilər. Amma yenə də suallar proqramdan kənar deyildi. Hazırlığını sistemli quran və mövzuları anlayaraq oxuyan abituriyent üçün həll oluna biləcək səviyyədə idi. Əvvəlki illərlə müqayisədə bu ilin əsas fərqi bir növ sürpriz xarakter daşıması idi. Xüsusilə III qrupda verilən situasiya tipli suallar abituriyentləri daha çox sevindirdi.

Suallar ümumilikdə nə çox çətin, nə də çox asan - orta səviyyədə hazırlanıb. Buna görə Dövlət İmtahan Mərkəzinə təşəkkür düşür. Amma II qrupda bəzi suallar, xüsusilə situasiya və analiz tələb edən tapşırıqlar bir qədər çətin təsir bağışladı. Bu da göstərdi ki, artıq sadəcə əzbər bilik deyil, düşünmə və diqqət daha çox ön plana keçir".

Prezidentdən TƏCİLİ TAPŞIRIQ - Bu problem həll edilməlidir!
Son xəbərlərDaha çox