“Statistika göstərir ki, dillərin yoxa çıxması prosesi tarixən mövcud olub, lakin müasir dövrdə bu proses daha da sürətlənib”.
AzEdu.az xəbər verir ki, bu sözləri “Ana dili: kimlik və gələcək” adlı gənclərin iştirakı ilə keçirilən respublika konfransında çıxışı zamanı Elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O bildirib ki, dillərin itirilməsi ciddi qlobal problemdir:
“Həqiqətən də, dillərin itirilmə səviyyəsi çox yüksəkdir və bu, mənfi bir hadisədir. Bir sıra alimlər bunu kədərli şəkildə "linqvistik soyqırım" adlandırırlar.
Aydındır ki, qloballaşma prosesində müxtəlif mədəniyyətlər arasında sərhədlər zəifləyir, milli fərqliliklər azalır və nəticədə xalqların özünəməxsusluğu təhlükə ilə üzləşir. Biz unutmamalıyıq ki, ana dilinin qorunması istiqamətində siyasət gələcəkdə də davamlı şəkildə aparılmalıdır.
Şübhəsiz ki, bu sadə həqiqəti unutmamaq hər bir müstəqil dövlətin və hər bir dil daşıyıcısının borcudur. Çünki dil milli kimliyin formalaşmasında əsas vasitədir".