“Azərbaycanda Dövlət Dil Komissiyasının yaradılması, bu ali quruma birbaşa cənab Prezidentin rəhbərlik etməsi, həmçinin komissiyada ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təmsil olunması dövlətin ana dilinə verdiyi yüksək dəyərin bariz göstəricisidir”.
AzEdu.az xəbər verir ki, bu sözləri “Ana dili: kimlik və gələcək” adlı gənclərin iştirakı ilə keçirilən respublika konfransında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışı zamanı deyib.
O bildirib ki, bu yüksək təmsilçilik dil siyasətinə göstərilən diqqəti və onun miqyasını aydın şəkildə nümayiş etdirir:
“Məlum olduğu kimi, Prezident İlham Əliyev 3 noyabr 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində etdiyi tarixi çıxışında, eləcə də 5 yanvar 2016-cı ildə yerli televiziya kanallarına verdiyi müsahibədə elmin inkişafı ilə yanaşı, dil məsələlərinə dair də konseptual mövqeyini ifadə edib. Dövlət başçısının irəli sürdüyü tezisləri ümumilikdə dörd əsas istiqamət üzrə qruplaşdırmaq mümkündür: Azərbaycan dilinin saflığının qorunması, dilin daxili imkanlar hesabına zənginləşdirilməsi, müasir dövrdə dilin texnologiya ilə qarşılıqlı əlaqəsi və toponimiya məsələləri.
Xüsusilə vurğulanmalıdır ki, bu prioritetlər arasında Azərbaycan dilinin saflığının qorunması mühüm yer tutur və bu, ilk növbədə cəmiyyətdə nitq mədəniyyətinin yüksəldilməsi ilə birbaşa bağlıdır”.