“Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir”.
AzEdu.az xəbər verir ki, bu sözləri “Ana dili: kimlik və gələcək” adlı gənclərin iştirakı ilə keçirilən respublika konfransında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışı zamanı deyib.
İ.Həbibbəyli bildirib ki, şifahi xalq ədəbiyyatımızın ən qədim nümunələrinin dili məhz Azərbaycan dilidir:
“Kitabi-Dədə Qorqud öz fəlsəfi mahiyyəti ilə birlikdə Oğuz elinin dövlətçilik təfəkkürünü və xalqın milli düşüncə sistemini ifadə etməklə yanaşı, həm də möhtəşəm bir dil abidəsidir. Yazılı ədəbiyyatımız isə dilimizi inkişaf etdirən, yaşadan və zənginləşdirən böyük bir xəzinədir.
Azərbaycan dilinin inkişafına hər zaman böyük diqqət və qayğı göstərilib. Çünki dil xalqın milli kimlik pasportudur, milli mənliyinin möhürüdür. Buna görə də dilin inkişafına qayğı göstərilməsi inkişaf etmiş cəmiyyətlərin əksəriyyətində dövlət siyasəti səviyyəsində həyata keçirilir.
Azərbaycanda da ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti mövcuddur. Ulu öndər Sovet dövrünün məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan dilində geniş xalq qarşısında çıxış etməklə ana dilinə böyük dəyər verdiyini nümayiş etdirmişdi. Xüsusilə 1969-cu ildə Bakı Dövlət Universitetinin yubileyində professorlar və ziyalılar qarşısında etdiyi çıxış həmin dövr üçün mühüm bir nümunə idi və geniş rezonans doğurmuşdu. Çünki o dövrdə Sovet rəhbərlərinin əksəriyyəti rəsmi tədbirlərdə öz ana dillərində çıxış etmirdilər".