Nigeriyada son bir həftə ərzində məktəblərə edilən silahlı hücumlar nəticəsində 80-dən çox uşağın itkin düşdüyü bildirilir.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumların biri ölkənin şimal-şərqində yerləşən və uzun müddətdir silahlı qarşıdurmaların yaşandığı Borno ştatında baş verib. Silahlılar Askira Uba və Çibok bölgələrində ibtidai məktəbi hədəfə alaraq azı 42 uşağı qaçırıblar.
Bununla yanaşı, ölkənin cənub-qərbində yerləşən Oyo ştatında da iki orta məktəbə silahlı hücum təşkil edilib. Hücumlar arasında bir neçə saat fərq olduğu, nəticədə azı 40 uşağın oğurlandığı bildirilib. Yerli rəsmilər qaçırılan uşaqların sayının 48 nəfər olduğunu açıqlayıblar.
Qeyd edək ki, Nigeriyada məktəblilərinin oğurlanması halları son illərdə geniş yayılıb. Xüsusilə ölkənin şimal bölgələrində fəaliyyət göstərən silahlı qruplar məktəbləri strateji hədəf kimi seçirlər. Ötən il də ölkədə məktəblərdən 300-dən çox uşağın qaçırılması ilə nəticələnən kütləvi hücumlar baş vermişdi.