Azedu.az

“Ekspert” adı altında auditoriyalarda kimlər çıxış edir? - professordan TƏNQİD

Ali təhsil

18 May 2026, 11:10
“Ekspert” adı altında auditoriyalarda kimlər çıxış edir? - professordan TƏNQİD

"Universitet auditoriyası şəxsi tanıtım meydanı deyil, elmin və düşüncənin müqəddəs məkanıdır.

Elmi fəaliyyəti sıfır olan, ömründə bir ciddi elmi məqaləni sonadək oxumayan, akademik etikadan və tədqiqat metodologiyasından xəbəri olmayan şəxslərin universitetlərdə mühazirə deməsi və ya konfranslarda “ekspert” kimi təqdim olunması elmə qarşı açıq təhqirdir. Bu, yalnız universitetin deyil, bütövlükdə cəmiyyətin intellektual səviyyəsinə vurulan zərbədir".

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

183328

Professorun sözlərinə görə, bu gün bəzi ali məktəblərdə elmi əsəri olmayan, beynəlxalq bazalarda bir məqaləsi belə görünməyən, heç bir akademik müzakirədə iştirak etməyən şəxslərin “motivasiya spikeri”, “ekspert”, “strateq”, “kouç” adı altında tələbələrin qarşısına çıxarılması təhlükəli tendensiyaya çevrilib:

"Nəticədə universitet elmi düşüncə mərkəzi olmaqdan çıxıb şou və populizm platformasına çevrilmək riski ilə üz-üzə qalır. Ən faciəlisi isə budur ki, elmə ömrünü həsr edən professorlarla, gecəsini laboratoriyada, kitabxanada keçirən alimlərlə heç bir elmi zəhməti olmayan şəxslər eyni tribunada təqdim olunur. Bu, akademik dəyərlərin alçaldılmasıdır.Universitetdə söz demək hüququ yalnız məşhurluqla və ya şəxsi əlaqələrlə müəyyən edilə bilməz. Akademik nüfuzun əsas ölçüsü elmi fəaliyyət, tədqiqat, nəşr və intellektual məhsuldarlıqdır.

Elmdən uzaq şəxslərin universitetlərə gətirilməsi tələbələrdə də yanlış təsəvvür yaradır. Tələbə düşünür ki, oxumadan, araşdırmadan, zəhmət çəkmədən də “ekspert” olmaq mümkündür. Bu isə bütöv bir nəslin elmə münasibətini korlayır. Universitet tələbəyə bilik kultunu, zəhmət fəlsəfəsini və intellektual məsuliyyəti aşılamaq əvəzinə, bəzən səthi pafos və boş ritorika təqdim edir.

Əgər universitetlər həqiqətən inkişaf etmək istəyirsə, auditoriyalar təsadüfi şəxslərə deyil, elmi nəticəsi, akademik nüfuzu və intellektual çəkisi olan insanlara açılmalıdır. Əks halda “universitet” anlayışı öz mahiyyətini itirəcək, elm isə formal tədbirlərin dekorasiyasına çevriləcəkdir. Elm hörmət tələb edir. Elmi zəhmət isə daha böyük hörmət tələb edir. Bu hörməti məhv edən hər addım universitetin gələcəyinə vurulan zərbədir".

Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox