Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-17 11:28:00
Milli Məclis kitabxana işi haqqında qanuna dəyişikliklər edəcək

Milli Məclisin 2019-cu il yaz sessiyası ilə bağlı komitə iclasları başlayıb. 

AzEdu.az-ın məlumatına görə, ilk olaraq komitə iclasına Mədəniyyət komitəsi tərəfindən start verib. 

İclası Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov açaraq bildirib ki,  bu il də 2018-ci il kimi Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrlə zəngin olacaq: 

“Bildiyiniz kimi, bir neçə gün öncə ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu il “Nəsimi İli” elan edildi. Bu, elə bilirəm ki, əbədiyyat, mədəniyyət, mənəviyyət hadisəsidir. Eyni zamanda, hesab edirəm ki, “Cümhuriyyət İli” ilə də “Nəsimi İli” arasında mütləq bağlılıq var. Cümhuriyyət azadlıq, istiqlal deməkdirsə, Nəsimi də ruhun, düşüncənin azadlığı deməkdir. Odur ki, hər ikisi böyük hadisədir”.

Deputat sonra qeyd edib ki, sessiyada, o cümlədən, bu gün keçirilən iclasda “Milli arxiv fondu haqqında” qanuna dəyişikliklər edilməsi, “Türk Mədəniyyət və İsrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri və digərləri müzakirə ediləcək. 

Komitə sədri həmçinin, “Kitabxana işi haqqında” mövcud qanunun 21 il öncə qəbul olunduğunu, bu baxımdan, onun dövrün reallıqlarına uyğun olaraq, yeniləşdirilməsinə ehtiyac yarandığını söyləyib. 

O, bu günlərdə ölkə prezidentinin kitabxanlarla bağlı fərmanına toxunaraq, bu yöndə bəzi yanlışlıqlara yol verildiyini bildirib: 

“Bəziləri bunu kitabxanların ləğvi kimi izah etməyə çalışır. Əslində isə belə deyil. Bu, əslində kitabxanların fəaliyyətinin daha da yaxşılaşdırılması deməkdir. 

Eyni zamanda, kitabxana işi haqqında qanunumuz var  ki, onun da qəbulundan uzun dövr keçir. Odur ki, onun da yeniləşdirilməsinə, situasiyaya uyğun olaraq, ona ciddi dəyişikliklər edilməsinə ehtiyac var. Odur ki, bu məsələ də gündəmimizdədir”.