Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-31 06:26:38
Mərkəzi Elmi Kitabxanada 31 Mart soyqırımı ilə bağlı sərgi keçirilib

Mərkəzi Elmi Kitabxanada Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi təşkil olunub.

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunub. Sərgidə kitabxananın fondlarında mühafizə olunan “31 Mart soyqırımı 1918-1920-ci illər mətbuatında”, “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım”, “Soyqırım tarixinin dastanı”, “Soyqırım cinayəti”, “Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı”, “1918-ci il qırğınları: Tarixi araşdırmalar”, “Quba məzarlığı: Erməni cinayətlərinin qanlı izi”, “31 Mart Vakası”, “Erməni cinayətləri sənədlər əsasında”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Erməni terroru” və s. kimi soyqırıma dair faktları əks etdirən, tarixi əhəmiyyətliliyi baxımından MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş kitablar nümayiş olunur. Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxananın fondlarında 1918-ci il Mart soyqırımına aid olan mövcud mənbələr elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Eyni zamanda, soyqırımla bağlı MEK əməkdaşları tərəfindən “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” adlı sənədli film də hazırlanıb və filmin nümayişi Sərgi salonunda, MEK monitorlarında və kitabxananın oxucular ucun nəzərdə tutulmuş digər məkanlarında təmin edilib.

Mərkəzi Elmi Kitabxanadakı sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamı çərçivəsində təşkil edilib. Bu tarix 1998-ci ildən etibarən Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Qeyd edək ki, MEK soyqırım mövzusunda hər il sərgilər təşkil edir, tərəfdaş təşkilatlara soyqırımla bağlı tədbirlərin, sərgilərin keçirilməsində təşkilati və informasiya dəstəyi  verir.