Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-08 14:40:00
Bu il DQ-dən keçən müəllimlərin sayı çox olsa, maaş artımı azalacaq

“2019-2020-ci tədris ilində Diaqnostik Qiymətləndirmədən (DQ) keçən müəllim kontingentinin sayı çox olarsa, müəllim maaşlarını 2 dəfə artırmaq üçün büdcə vəsaiti yetərli olmayacaq”.

Bu barədə AzEdu.az-a iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanın 2019-cu il üzrə təhsil büdcəsini şərh edərkən deyib.

Ekspert bildirib ki, buna səbəb cari ildə təhsil sahəsi üzrə həddindən çox az - əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlərə cəmisi 16 milyon 954 min manat vəsaitin ayrılmasıdır:

“2019-cu il üçün təhsil xərcləri 2 milyard 285 milyon 884 min manat təsdiq olunub ki, bu da ümumi xərclərin 9,2 faizini təşkil edir. Yəni, cari ildə büdcədən ayrılacaq hər 100 manatın 9 manat 20 qəpiyi təhsil xərclərinə yönələcək.

Bu ilin təhsil büdcəsi əvvəlki ildəkindən  230,6  milyon manat çoxdur. Təhsil büdcəsində 1 milyard 289 milyon manat vəsait və ya ümumi büdcənin 56,4 faizi ümumi təhsilə yönələcək.

Bununla yanaşı, təhsil büdcəsindən 288,2 milyon manat dövlət proqramlarının və tədbirlərinin maliyyələşməsinə ayrılacaq”.

Q.İbadoğlu qeyd edib ki, bu mənbədən Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əmək haqlarını təşviq etmək olacaq. Lakin nəzərə almaq lazımdır ki, ayrılan vəsait yalnız o məqsədlə istifadə edilməyəcək.

“Odur ki, müəllimlərin maaşlarının 2 dəfə və ya daha çox artırılması yalnız qiymətləndirmədən keçənlərin sayından asılıdır. Bu kontingentin əhatə dairəsi genişləndiyi halda, maaşları 2 dəfə artırmaq üçün vəsait yetərli olmayacaq. Çünki, cari ildə təhsil sahəsi üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlərə cəmisi 16 milyon 954 min manat ayrılıb ki, bu da həddindən çox azdır”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 274 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. 

Lakin Milli Məclisdə 2019-cu ilin büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov 2019-2020-ci tədris ilin başlayaraq ölkə üzrə ali təhsil alanlarla nisbətdə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin, təxminən, 20 faiz artırılacağını qeyd edib. 

Həmçinin digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulduğunu bildirib. 

Xatırladaq ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat, xərcləri 25 190 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 22 429 234,0 min manat, yerli gəlirləri 738 766,0 min manat, mərkəzləşdirilmiş xərcləri 24 347 188,0 min manat, yerli xərcləri 842 812,0 min manat) məbləğində təsdiq edilib.