https://www.zirve.edu.az/
07.01.2019 14:35
“Şaxta baba Göy üzündəki evinə getdi, ondan “Mersedes” istədim” – Şagirdlərlə qəribə sorğu  

Artıq bir həftədir ki, Yeni ili qarşılayıb, köhnə ili yola salmışıq.  Bu Yeni ildə də ən çox sevinən uşaqlar oldular, yenə də  Şaxta babanın onlara gətirəcəyi hədiyyəyə inandılar.

Şaxta baba isə... Nə isə, gəlin uşaqların xəyal dünyasını alt-üst etməyək.

Hər il olduğu kimi, onlar bu il də Şaxta babadan hədiyyə istəyiblər və həmin hədiyyələri gözləməkdədirlər.

 Uşaq dünyası rəngli olar... İstənilən hədiyyələr də elə bu dünyalardakı rənglərə uyuşur.

 AzEdu.az-ın sorğusunda iştirak edən şagirdlərin hamısı 3-cü sinifdə oxuyurlar. Hər birinin də Şaxta babadan hədiyyə istəyi olub... Kimi “Mersedes” markalı avtomobil, kimisi isə dərslərini hazırlamaq üçün planşet... 

Hə, bir də onu soruşduq: Şaxta baba bayramdan sonra hara getdi? O, harada yaşayır?

Uşaqların xəyal dünyalarında bu sualın da maraqlı cavabları var. 

İslamzadə Ömər: “ Ondan pultlu maşın gətirməyini istədim. Məncə, Şaxta baba yayda öz evində olur, qışda isə bizə hədiyyə gətirir”. 

Mustafayeva Sevgi: “Mən məktəb ləvazimatı istədim. Şaxta baba yayda öz evində, soyuq yerlərdə olur”. 

Kərimli Zeynəb: “Şaxta babadan  şəkilli  hekayə kitabı istədim. Məncə, Şaxta baba yayda buzlu ölkələrdəki  evində qalır”. 

Əhmədov Kamal: “Şaxta babadan nağıl kitabı istədim. Bilirsiz, Şaxta babanın Antraktitada evi var. O qışda bizə hədiyyə gətirir yayda isə evində olur”. 

Quliyev Qurban:  “Ondan tapança istədim. Şaxta baba yayda öz evində qalır”. 

Əliyev İdris: “Şaxta baba yayda göy üzündəki evində qalır, qışda isə bizə hədiyyə gətirir. Mən Şaxta babadan “Mercedes” maşın  istədim. 

Quluzadə Familə: Şaxta babadan qolbağ istədim. O, yayda “Buzludağ”daki evində qalır. 

İslamov Ramal: Mən şaxtababaya inanmıram, o balaca uşaqları üçün danışılan nağıldır”. 

Nəbili Duyğu: “Mən ondan heç bir hədiyyə istəmirəm. Onun özünü görmək mənim üçün ən böyük hədiyyədir. Şaxta baba yayda buzlaqlardaki evində qalır, qışda isə bizə hədiyyələr gətirir. 

Mustafayeva Aysel: “Ondan planşet istəyirəm. Məncə, Şaxta baba qışda Antraktidakı evində, yayda isə göy üzündə qalır”.

Rəna Nəbi