https://www.zirve.edu.az/
05.01.2019 12:39
Summativlərlə bağlı yeni qaydalar, Prezident təqaüdçüləri, ixtisasartırma – Həftənin TƏHSİL İCMALI
Çap et

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Təhsil Nazirliyində mətbuat konfransı keçirildi

Yanvarın 4-də Təhsil Nazirliyində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev məktəbdaxili  qiymətləndirmə qaydalarında dəyişiklikləri  zəruri edən səbəblər barədə  ətraflı məlumat verib.

Yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb.

Qaydalarda edilən ikinci dəyişiklik ibtidai siniflərlə bağlıdır. Belə ki, ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə   yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) olacaq.

Dəyişiklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir. Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin  göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır.

Digər dəyişiklik isə lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənlər üzrə BSQ-lərin keçirilməsidir.

Mətbuat konfransında media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

Təhsil Nazirindən yeni təyinat

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə yeni direktor təyin edib.

Ceyhun Bayramovun əmrinə əsasən, İsrafil İsgəndərov bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə direktor olan İsrafil İsgəndərov bu təyinata qədər Azərbaycan Turizm və Menecment Universitetində dekan işləyib.

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Təhsil Nazirliyi “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirilmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nı təsdiq edib.

AzEdu.az xəbər verir ki, sənədi nazir Ceyhun Bayramov imzalayıb.

Sənədə əsasən, bu qayda təşkilati-hüquqi formasından asılı olmayaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların, xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına şamil edilmir.

Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır.

Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

Nəticə ilə bağlı müvafiq yazılı qeydlər (nəticələrin qısa təsviri) təhsilalanın fərdi qovluğunda saxlanılır.

Formativ qiymətləndirmə təhsilalanın hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə aparılır. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir.

İnternat məktəbinin 2 məzunu Prezident təqaüdünə layiq görüldü

Ötən tədris ilində internat məktəbləri, inteqrasiya təlimli internat tipli gimnaziya və internat tipli gimnaziyalardan IX sinif üzrə 964 nəfər, XI sinif üzrə isə 549 nəfər məzun olub.

Təhsil Nazirliyindən bildiriblər ki, XI sinif üzrə məzunlardan 207-si ali, 48-i orta ixtisas, 23-ü isə peşə təhsili müəssisələrinə qəbul olunub. IX sinif üzrə 964 məzundan 85-i orta ixtisas təhsili müəssisələrinə, 105 nəfər isə peşə məktəblərinə qəbul olunub. Ali məktəbə qəbul olunan şagirdlərdən 2-si yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.

Nazirlik məktəblərdə yekun  qiymətləndirmə qaydalarını açıqladı  

Təhsil Nazirliyi “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirilmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirib.

Konfransda Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev yekun qiymətləndirməylə bağlı məsələyə münasibət bildirib:

“Bu məsələlərtexniki xarakter daşısa da, çox vaxt problemlə rastlaşırdıq. Ona görə də qaydalarda daha dəqiqliyi ilə əksini tapdı.

Əvvəl şagirdin ilk yarımil qiyməti 3, ikinci yarımil qiyməti isə 4 olurdusa, məktəb bunları toplayıb 2-ə bölüb yuvarlaqlaşdırır, qiyməti bu yolla yazırdı.

İndi isə şagird summativ qiymətləndirmədə bal toplayır. Qiyməti isə bala uyğun alır. Yəni, həm bal, həm d qiyməti burada əks olunacaq.

Yekun  qiymətləndirməyə  görə ilk və ikinci yarımilin balı toplanıb 2-yə bölünəcək. Buna uyğun qiymət çıxarılacaq. Bu,  əvvəlki illə müqayisədə daha ədalətli sistem olacaq”.

Təhsil Nazirinin müavini tələbələrlə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov universitetin Tələbə Həmkarlar, Tələbə Gənclər Təşkilatının fəalları, eyni zamanda, müxtəlif dərnəkləri, idman və intellektual komandaları təmsil edən tələbələrlə görüşüb.

Universitetdən verilən məlumata görə, F.Qurbanov ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasından, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bunun Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirilməsindən bəhs edib. F.Qurbanov ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, bu sahədə həyata keçirilən çoxsaylı dövlət proqramlarından danışıb, vətənə, dövlətə sədaqətlə xidmətin və milli-mənəvi dəyərlərə hörmətin önəmini xüsusi vurğulayıb.

Müasir dövrdə gənclərin qarşısında duran vəzifələrdən, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan F.Qurbanov tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün bilik, bacarıq və müvafiq vərdişlərin daim inkişaf etdirməli olduqlarına da diqqət çəkib. Eyni zamanda tələbələri universitet həyatında yaxından iştirak etməyə, idman, intellektual yarışlarda, mədəniyyət və incəsənət sahəsində daha fəal olmağa çağırıb.

Sonda tələbələrin arzu və istəkləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, F.Qurbanov onların suallarını cavablandırıb.azir müavini bir qrup tələbə ilə görüşüb

HƏFTƏNİN İNFORMASİYALARI

BŞTİ-yə ötən il 27 mindən çox müraciət daxil olub 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzinə ötən il ərzində 27000-dən çox müraciət daxil olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

"2 564 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. BŞTİ-yə vətəndaşlar tərəfindən 9 310 ərizə, müxtəlif qurumlardan 12 366 məktub və 4 793 elektron müraciət daxil olub.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib".

Ötən il Təhsil Nazirliyinə 123  mindən çox müraciət daxil olub

2018-ci il ərzində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Təhsil Nazirliyindən verilən məlumata  görə qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 123 min 613 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində il ərzində 85 min 54 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 38 min 559 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində il ərzində 14 min 321 sənəd (6 min 806 ərizə, 7 min 515 məktub) qəbul olunub və qeydiyyata alınıb.

2018-ci ilin dekabr ayı ərzində Vətəndaşların Qəbulu Mərkəzində 2 min 18 vətəndaşa xidmət göstərilib. Həmin dövrdə 1127 sənəd (462 ərizə, 665 məktub) qəbul olunub və qeydiyyata alınıb. Telefon Məlumat Mərkəzində isə dekabr ayı ərzində 8 min 582 zəng qəbul edilib.

Müraciətlər daha çox müəllimlərin işə qəbulu, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi məsələləri əhatə edib.

Təhsil işçiləri üçün ixtisasartırma təlimlərində 500 nəfər iştirak edib  

Paytaxt məktəblərində ümumi orta təhsil səviyyəsində keyfiyyətin qiymətləndirilməsi ilə bağlı təhsil işçiləri üçün ixtisasartırma təlimləri təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, paytaxtın 12 inzibati rayonu üzrə keçirilən təlimlərdə fənn müəllimləri, direktor müavinləri və məktəb psixoloqları daxil olmaqla 500 nəfər iştirak edib.

Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” təşkilatı tərəfindən reallaşdırılan təlimlər 60 saatlıq proqramı əhatə edib.

Təlimlər zamanı iştirakçılar fənlərin tədrisində və məktəbdaxili qiymətləndirmənin təşkilində müasir metodiki yanaşmalarla tanış olublar. Həmçinin şagirdlərə mücərrəd anlayışların əyani vasitələrlə göstərilməsi üçün tətbiq olunan yeni metodiki qaydalar nəzərdən keçirilib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları