XƏBƏRLƏR

21.08.2018 13:18
“Hətta “0” bal toplayan müəllimi də işdən çıxarmaq mümkün deyil, əgər bu baş versə...” – Pedaqoqdan sərt etiraz

“Müəllim nəinki aşağı, hətta “0” bal toplasa belə onu işdən çıxarmaq hüquqi cəhətdən mümkün deyil”.

Bu sözləri müəllim Rabil Abdinov  bəzi müəllimlərin sosial şəbəkədə Diaqnostik Qiymətləndirmədən balı aşağı olan kolleqalarının işdən azad olunmasını tələb etmələrinə cavab olaraq  bildirib. O qeyd edib ki, belə müəllimlərin işdən azad olunmasının heç bir hüquqi əsası yoxdur:

“Əvvəla, hüquqi cəhətdən aşağı nəticə dedikdə DQ-dən 50, 60, yoxsa,  80 faizdən aşağı göstəricinin nəzərdə tutulduğu məlum deyil. Kimsə aşağı nəticə kimi hətta 90 faizdən az balları nəzərdə tutur. Buna görə də bunun mexanizmlərini sertifikasiya müəyyən etməlidir.

İkincisi, DQ balına görə müəllimi işdən azad etmək Əmək Məcəlləsi və digər əmək qanunvericiliyinə ziddir. Müəllim nəinki aşağı, hətta 0 bal toplasa belə onu işdən çıxarmaq  hüquqi cəhətdən mümkün deyil. Bunu meşə qanunlarına  əsaslanıb  etsələr belə, məhkəmələr hamısını işə bərpa edəcəklər”.

Onun sözlərinə görə, aşağı bal toplayan müəllimlərə tətbiq olunan sanksiyalar əslində onlara edilən xəbərdarlıqlardır:

“Təhsil  Nazirliyi aşağı nəticə göstərən müəllimlərə sanksiya tətbiq edib. Hərçənd bunun da qanuni olmasının özü də mübahsəlidir. Yəni onlara maksimum  6 saat dərs verilməsi 18 saatlıq stavkanın üçdə biri mənasındadır. Bu, köhnə 12 saatlıq stavka ilə isə ən yaxşı halda yarımştat işçi statusundadır. Yəni nazirlik bu qrupdan olan müəllimlərə maliyyə sanksiyası tətbiq etməklə sertifikasiyaya qədər onları bu vəzifə ilə vidalaşmağın bir addımlığında olduğu xəbərdarlığını edir”.

O, Təhsil Nazirliyinin DQ-dən aşağı bal toplayan müəllimlərə etdiyi güzəştləri də izah edib:

“DQ adından göründüyü kimi, dioqnostik məqsəd daşıyır. Necə ki, biz şagirdləri dioqnostik, daha sonra isə formativ və summativ qiymətləndiririk. Yəni Təhsil Nazirliyi təkrar DQ imkanı verməklə, aşağı nəticəli müəllimlərə həm də öz biliklərini artırmaq imkanı verir. Bu imkan ona görə verilir ki, mövcud kadr sertifikasiya hazırlaşsın, ordan uğurla keçib işsiz qalmasın. Bu imkandan yararlanmayanlar günahı özlərində axtarmalı olacaqlar.

Təhsil Nazirliyi aşağı nəticəli müəllimlərə ödənişsiz kurslar keçir. Bu kurslar da bu qrupdan olan müəllimlərə əlavə imkanlar verir. Yəni sonradan bəhanə etməsinlər ki, bəs bizə şans və hazırlaşmaq imkanı vermədilər və qanunsuz olaraq sertifikasiyadan keçirmədilər.

TN bir dövlət orqanı olaraq sayları on minlərlə ölçülən bu qəbildən olan müəllim ordusunun birdən-birə işdən azad edilməsinin sosial problemlərə səbəb olacağını nəzərə alır. Yəni çalışır ki bu müəllimlərin bir qismi öz üzərində işləyib iş yerlərini itirməsinlər. İş yerlərini itirən təhsilli şəxslərin də təhsil sistemidə digər işlərədə yerləşdirilməsi məsələsi də gündəmdədir. Çünki hamısı vətəndaş və insandırlar. Aşağı savadda olmaq hələ aşağı şəxsiyyətdə olmaq demək deyil. Necə ki yüksək bal toplayanların hamısının şəxsiyyəti və hətta savadı yüksək deyil. Belə olmasaydı MİQ-in müsahibə mərhələsində bir-çox keçid balı toplayan kəsilməzdi”.

O, həmin müəllimlərin işdən azad olunmamasının səbəblərini izah edib:

“Aşağı nəticəli hesab olunan kadrların sayı bir neçə on min nəfərdir. Hazırda belələrini işdən azad etsələr, onların vakansiyalarını doldurmaq mümkün olmayacaq. Çünki MİQ-ə sənəd verənlərin sayı belə həmin bir-neçə on min nəfərin sayını keçmir. MİQ-dən keçid balını toplayanların sayı isə aşağı nəticəli müəllimlərin sayından dəfələrlə azdır. Ucqar yerlərdə işləyən aşağı nəticəli müəllimlərin yerini doldurmaq isə hətta sertifikasiyadan sonra belə mümkün olmayacaq. Buna görə də sertifikasiydan keçməyən müəllimlər belə MİQ-də dolmayan vakansiyalarda hələ uzun illər işləməkdə davam edəcəklər.

Aşağı nəticə göstərən müəllimlərin işdən azad edilməsi yalnız sertifikasiya ilə mümkün olacaq. Hələlik bu qəbildən olan müəllimlərin məsələsi açıq qalıb. Sertifikasiya ilə bağlı əmək məcəlləsinə dəyişiklik artıq qəbul olunub. Sertifikasiyanın mexanizmlərini Təhsil Nazirliyi və Nazirlər Kabineti birgə müəyyən edirlər. Yaxın aylarda bu mexanizmlər rəsmən qəbul ediləcək. Sertifikasiyanı keçirtmək TN-ə həvalə edilib. Yüz minlərlə müəllimi yaxın illərdə, tədricən sertifikasiyadan keçirəcəklər. Beləliklə bu problem kökündən həll ediləcək”.

O, sonda müəllimlərin işdən çıxarılmasını təklif edənlərə müraciət edib:

“Ona görə də sosial ədavət və məişət səviyyəsində aşağı nəticə göstərən müəllimlərin taleyi barədə qərar verməyi nazirlikdən ultimatum yolu ilə tələb edib ürək bulandırmaq lazım deyil. Bu aşağı nəticəli müəllimləri elə Təhsil Nazirliyi özü üzə çıxarıb və məqsədi də bu məsələyə əncam çəkməkdir. Nazirlik tərəfindən başladılan proses barədə onlara yol göstərmək lazım deyil. Adam özünü bu qədər ağıllı bilib, başı çıxmadığı məsələdə Təhsil Nazirliyinə yol göstərmək bacarığında ola bilməz. Roma Papasından daha çox katolik olmaq olmaz.

DQ-dən yüksək bal toplayan müəllimlərə bu sadə həqiqəti başa salmaq üçün TN daha nə etməlidir?”

İlin gənc müəllimi-Müraciət formu