XƏBƏRLƏR

17.01.2020 13:59
Proqramlaşdırma üzrə təhsil alan tələbələrin universiteti bitirən kimi əlavə kursa getməsinə səbəb? – ARAŞDIRMA

İstər karyera üçün, istərsə də maraq üçün bir proqlaşdırma dili öyrənmək arzusunda olan insanı ilk düşündürən hansından başlamağı olur. Hansı proqramlaşdırma dilinin daha yaxşı olduğunu demək olduqca çətindir. Maraqlıdır, Azərbaycanın ali təhsil ocaqlarında hansı proqramlaşdırma dilindən istifadə olunur?

AzEdu.az xəbər verir ki, TED.az mövzunu araşdırdı və ortaya fərqli mənzərə çıxdı. 

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti Cavanşir Kazımov bildirib ki, BDU-da 3 proqramlaşdırma dili tədris olunur: “BDU-da tələbələr üçün C++, Java, Phyton proqramlaşdırma dilləri tədris olunur. Düşünürəm ki, bu proqramlaşdırma dillərinin hamısının öyrənilməsi tələbələrin irəlidə iş həyatı üçün olduqca zəruridir”.

AzTU-da seçim tələbələrindir

Azərbaycan Texniki Universitetinin (AzTu) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, tələbələrə 5 proqramlaşdırma dili təklif olunur: “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərlə bağlı 050655- “İnformasiya texnologiyaları” ixtisası üzrə ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI (Bakalavriat səviyyəsinin ixtisas üzrə təhsil   proqramı) təkmilləşdirilmişdir. Bu   təhsil   proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-539  nömrəli  30.08.2019-cu il tarixli əmri ilə təsdiq edilib.

“Ali Təhsil Pilləsinin Dövlət Standartı  “İnformasiya texnologiyaları” ixtisasın tədrisi üzrə Association for Computing Machinery (ACM) və IEEE Computer Society (IEEE-CS) kimi nüfuzlu beynəlxalq təşkilatların  təklif etdiyi tövsiyyələr və kompetensiya modelli nümunəvi kurikulum əsasında hazırlanıb. 2019/20-ci tədris ilindən başlayaraq bakalavr hazırlığı bu proqram üzrə həyata keçirilir. Bu plana (kurikuluma) görə tələbələr  öz seçimləri əsasında aşağıdakı dillərin bir neçəsini 4  il müddətində öyrənə bilirlər. Visual Proqramlaşdırma  (Visual C# dili), Script Proqramlaşdırma (Python dili), Database Proqramlaşdırma (SQL), Web Proqramlaşdırma (HTML5 dili), Obyekt-yönlü proqramlaşdırma (Java dili)”.

Bakı Ali Neft Məktəbinin (BANM) mətbuat katibi Zamira Adilovanın sözlərinə görə, BANM-da 2 proqramlaşdırma dili tədris olunur: “Bakı Ali Neft Məktəbində tələbələr üçün iki proqramlaşdırma dilləri tədris olunur. Universitetdə tələbələrimizə Python və C/C++ proqramlaşdırma dilləri keçirilir”.

Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevsə təmsil etdiyi ali təhsil müəssisəsində proqramlaşdırma dilinin tədris olunduğunu qeyd edib: “BMU-da təhsil alan tələbələr üçün dörd proqramlaşdırma dili tədris olunur. C++, Java, C Sharp, Python. Web proqramlaşdırma dillərindən isə  PHP, JavaScript, CSS tədris olunur”.