XƏBƏRLƏR

22.11.2019 11:43
Dövlət Proqramı təqaüdçüsünün uğuru

Azərbaycanlı tələbə London Universitet Kollecinin tədqiqat mükafatına layiq görülüb

Son illər dünyanın reytinqli universitetlərində təhsil alan azərbaycanlı gənclərin yüksək hazırlıqlı tədqiqatçılar kimi yetişməsi Azərbaycan elminin gələcək uğurlu inkişafını təmin edəcək potensial elmi bazanın formalaşmasından xəbər verir. Sevindirici haldır ki, onların arasında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüləri də var. Bu isə Dövlət Proqramının cəmiyyətimizə verdiyi ən mühüm  töhfələrdəndir. 

Onlardan biri də hazırda Böyük Britaniyanın nüfuzlu ali məktəblərindən olan London Universitet Kollecində (UCL) “Tibbi texnologiya” ixtisası üzrə PhD təhsili alan Mədinə Quliyevadır.  M.Quliyeva  ölkəmizi xaricdə təmsil edən ən istedadlı gənclərdən biridir.  Bu yaxınlarda təhsil aldığı ali təhsil müəssisəsinin təsis etdiyi “Dekanın Tədqiqat Mükafatı”na layiq görülməsi isə onun peşəkar tədqiqatçı kimi uğurlarından xəbər verir.

Diqqətə çatdıraq ki, bu mükafat universitetin ən nüfuzlu mükafatı sayılır.

Tibb elmləri fakültəsində 91 tədqiqat qrupu fəaliyyət göstərir. Bu tədqiqat qrupundan 30-u cərrahiyyə və interventiv cərrahiyyə elmi bölməsinə aiddir. Bölmədə tədqiqat aparan bütün PhD tələbələri arasından “Dekanın Tədqiqat Mükafatı”na Bölmə nümayəndəsi olaraq ancaq bir namizəd irəli sürülür. Uğurlu haldır ki, Böyük Britaniyanın ən nüfuzlu universitetlərindən olan UCL-nin builki mükafatına  azərbaycanlı tələbə layiq görülüb.

“Azərbaycan müəllimi” qəzetinə verdiyi açıqlamada Mədinə Quliyeva qeyd edib ki, adıçəkilən mükafat universitetin tibb elmləri fakültəsində layihə icra edən tələbələr üçün nəzərdə tutulub. Qalib namizədlərin adları universitetin institut və bölmələri tərəfindən irəli sürülür. Tibb elmləri fakültəsində hazırda 3500-dən çox tələbə, o cümlədən 1200 magistrant və 400 doktorant var. Cərrahiyyə və müdaxilə elmləri bölümü tibb elmləri fakültəsinin bir hissəsidir. Bu bölmə dörd kampusda 4 əsas tədqiqat şöbəsini bir araya gətirir. Fakültənin  ümumi cərrahiyyə; ortopediya və skelet elmləri institutu; urologiya və idman, məşq və sağlamlıq institutu, kök hüceyrə tətbiqetmələri, toxuma mühəndisliyi, klinik sınaqlar, transplantasiya və nanotexnologiya daxil olmaqla orqan və texnologiyaya əsaslanan tibbi cihazların qabaqcıl inkişafında dünya səviyyəli tədqiqat mərkəzləri fəaliyyət göstərir. Avropada, Amerikada və onun hüdudlarından kənarda geniş əməkdaşlıq ortaqlığı mövcuddur.

İndiki tədqiqatlarının mövzusuna gəlincə, həmsöhbətimiz bildirdi ki, onun tədqiqatları qızıl nanozərrəciklərin müxtəlif bioloji mühitlərdə bioloji təsirlər nəticəsində fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişməsi ilə bağlıdır.

Qeyd edək ki, M.Quliyeva  həm də Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində uğurlu fəaliyyətləri ilə seçilən bir qrup azərbaycanlı gənc tərəfindən 2017-ci ildə əsası qoyulan və bu müddət ərzində dünya elmindəki ən son nailiyyətləri ölkəmizin elmi auditoriyasına çatdıran Azərbaycan Elm Assosiasiyasının həmsədridir. O, öz tədqiqat sahəsi olan “Tibdə nanotexnologiya” mövzusunda  universitetlərimizdə seminarlar da keçirib. 

Mədinə Quliyeva 1994-cü il avqustun 10-da Bakı şəhərində anadan olub. 2000-2007-ci illərdə Bakıdakı 292 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta təhsilini Londondakı  “Hollan Park” məktəbində davam etdirib. Xarici dilə tez yiyələndiyinə və riyaziyyatdan keçirilən müsabiqənin qalibi olduğuna görə Londondakı  “Hollan Park” məktəbi  tərəfindən fəxri fərmanla təltif olunub. İki dəfə “Perfect tense” mükafatına layiq görülüb və şəkli   məktəbin şərəf lövhəsində asılıb. 2008-ci ildə London İmperial Kolleci (Imperial College London) tərəfindən düzənlənmiş robot yarışmasında dostları ilə hazırladığı daşıyıcı robot ali məktəb üzrə 3-cü yerə layiq görülüb. 2012-ci ildə orta təhsilini başa vuraraq London Universitet Kollecinə daxil olub. Daha sonra  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Universitet Kollecində “Beyin  elmləri” ixtisası üzrə bakalavr, 2015-2016-cı illərdə isə London Universitet Kollecində “Nanotexnologiya və tibbi bərpa” ixtisası üzrə magistr  təhsili alıb.

Orta məktəb illərindən xüsusi istedadı və fəallığı  ilə seçilən Mədinə qabiliyyətli tələbə kimi  təhsil aldığı ali məktəbdə elmi tədqiqatlarda iştirak edib. O, universitetdə dünya şöhrətli professorlardan dərs alıb, məhz onlar azərbaycanlı gənci öz elmi tədqiqatlarına cəlb ediblər.

İstedad və zəhmət insanı ucaldar. Bu tamlıq qarşısında əlçatmaz heç bir zirvə yoxdur. Mədinə Quliyeva istedad və əməksevərliyi ilə bu gerçəkliyi bir daha təsdiqləyib.

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu