Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-14 14:52:00
Aztəminatlı ailələri sevindirən təhsil layihəsinin birincisi: “Bura təsadüfən qatıldım və...”

“Gələcəyini qur” layihəsi Azərbaycan cəmiyyətində etik düşüncə və yüksək intellektli gənclər yetişdirməyi qarşısına məqsəd qoyub.

Layihə mənə zirvəyə qalxmaq imkanı yaratdı.

Bu sözləri AzEdu.az-a açıqlamasında 607 bal toplayaraq Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olan Nurtən Nemətova deyib.

Nurtən Namətova bildirib ki, yüksək nəticə əldə etməyinin ən böyük səbəbkarı ”Gələcəyini qur” layihəsidir:

Layihə mənə həm mənəvi, həm də maddi cəhətdən  çox böyük dəstək oldu. Orda tanıdığım insanlar mənə müsbət təsir göstərərək motivasiya verdilər. Onların sayəsində məqsədyönlü davranmağı öyrəndim. Əgər qarşına məqsəd qoyursansa, ona nail olacağına inanmalısan. Hər şeydən əvvəl insanda inam hissi olmalıdır. Mən inanırdım ki, 600-dən yüksək bal toplayıb, müəllimlərimin əməyinin qarşılığını verəcəyəm. Bəzən, dərslərdən yorulduqda layihə təşkilatçılığı ilə Mingəçevir, Göyçay, Qəbələ və digər bölgələrə ekskursiyalarda iştirak edirdim. Bu kiçik səyahətlər əhval-ruhiyyəmə müsbət təsir göstərirdi.”

N.Namətova bu layihəyə Ucar rayonundan təsadüfən qoşulduğunu  bildirib:

 “Gələcəyini qur” layihəsinin könüllərindən biri təhsil aldığım məktəbə gələrək proqram haqqında məlumat verdi.  Onların keçirdiyi sınaq imtahanından 427 bal toplayaraq BP-nin təşkil etdiyi layihəyə qoşuldum. Hər kəsə belə bir layihədə iştirak etmək şansı verilmir. Əgər belə bir fürsətləri varsa qaçırmasınlar. Layihə insana çox şey qazandırır. “Sən bacaracaqsan” şüarına inandırır”

BP təqaüdçüsü gələcək planlarından danışarkən qeyd edib ki, növbəti illərdə sözügedən layihənin bir üzvü olmaq istəyir. Həmçinin ingilis dilini öyrənərək, magistratura və doktorantura təhsilini xaricdə davam etdirməyi planlaşdırır.

Məlumat üçün bildirək ki,  BP şirkəti və tərəfdaşlarına aid olan  “Gələcəyini qur”  layihəsi aztəminatlı ailələrin övladların şamil edilir. Regionlardan ali məktəbə qəbul olunan tələbələrə dəstək üçün nəzərdə tutulan layihə artıq 3 ildir ki, həyata keçirilir.

Ayşə Müseyib