Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-07 13:05:00
Beynəlxalq olimpiada qalibi: “Növbəti 2 ildə əsas məqsədim ölkəmizə yeni medallar gətirməkdir”

Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis Olimpiadası keçirilib. Təmsilçilərimiz yarışda ölkəmizə 5 medal gətirməyi bacarıblar.

Belə məktəblilərdən biri də Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Xanım Yaqubludur. O, olimpiadada Kimya fəni üzrə iştirak edərək gümüş medala layiq görülüb.

“Belə uğur gözləmirdim"

Olimpiada təmsilçimiz AzEdu.az-a açıqlaması zamanı bildirib ki, medal qazanması əslində təsədüf olub:

“Belə uğur gözləmirdim. Çünki imtahanın birinci mərhələsində elə də yaxşı  nəticə göstərə bilməmişdim. Qalibiyyətə ümidim az idi. Bu olimpiadanın imtahanları 3 mərhələdəm ibarətdir. 1-ci mərhələ “blitz tur” adlanır və qrup işindən ibarətdir. 2-ci mərhələ təcrübi, sonuncu mərhələ isə nəzəri imtahandır.

Əsas çətinliyim də elə təcrübi imtahanda oldu. Bu imtahanda çox sürətli olmaq lazım idi, mən isə vaxtı düzgün bölüşdürə bilmədim. Fikrimcə, təmsilçilərimizin təcrübi imtahanlarda çətinlik çəkmələrinin əsas səbəblərindən biri elə budur”.

Onun sözlərinə görə, təmsilçilərimiz nəzəri mərhələdə heç bir çətinliklə üzləşmir, tapşırıqları rahatlıqla cavablaya bilirlər:

“Çünki davamlı olaraq dərslərdə iştirak edirik. Xarici ölkələrdən gələn müəllimlər bizi bu mövzularda hazırlaşdırırlar. Amma təcrübi imtahanda belə deyil. Təcrübi dərslərə çox qatılmamağımız imtahanda həyəcanlanmağımıza və vaxtı düzgün bölüşdürə bilməməyimizə səbəb olur.

Ümumiyyətlə, olimpiadada uğur qazanmağın yeganə yolu çox çalışmaqdır”.

"2 il ərzində Azərbaycana medal gətirməkdən daha vacib  hədəfim yoxdur"

Beynəlxalq olimpiadada uğur qazanmaq istəyən şagirdlərə məsləhətə gəlincə isə təmsilçimiz belə cavab verib:

“Bir şagirdə olimpiada ilə bağlı ən yaxşı yol göstərəcək vəsait əvvəlki illərin olimpiada suallarıdır. Məktəblilərə o tapşırıqları həll etməyi məsləhət görərdim. Bu, çox faydalıdır, çünki imtahanda hansı tip suallardan istifadə olunduğunu aydın göstərir. Amma təbii ki, bu, hər olimpiada üçün dəyişir.

Hansı vasitələrdən yararlanmaları haqda olimpiada müəllimləri ilə məsləhətmələrində də fayda var. Amma əsasən, ingilis ədəbiyyatından istifadə olunur”.

Xanım Yaqublunun universitet seçimi barədə dəqiq qərarı olmasa da, arzusu Kimya mühəndisi olmaqdır. Xaricdə təhsil almağı düşünür. Düşünür ki, beynəlxalq olimpiadalarda medal qazanmaq da bu işdə ona kömək edəcək:

“Amma 2il ərzində Azərbaycana medal gətirməkdən daha vacib  hədəfim yoxdur. Bayrağımızı qürürla qaldırmaq istəyirəm”.

Qeyd edək ki, yarışmada İnformatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov gümüş, Murad Eynizadə  bürünc medala layiq görülüblər.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Ağazadə gümüş,  kimya fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Xanım Yaqublu və  Aydan Nağızadə gümüş medal qazanıblar.

Beləliklə, məktəblilərimiz 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında III yerə layiq görülüblər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları