Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 17:30:00
Müəllimləri sevindirən sərəncam, qəbul imtahanları, maksimum bal toplayanlar -Həftənin təhsil icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Baş nazir müəllimlərin maaşı ilə bağlı sərəncam imzaladı

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Prezidentin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Sərəncam imzalayıb.

Sərəncamın icrası Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırılmaqla həyata keçirilməlidir.

Bu məqsədlə “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Prezidentin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmalıdır.

MİQ  üzrə müsabiqəyə  sənəd qəbulu başa çatdı

Geridə buraxdığımız günlərdə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.

Bildirək ki, MİQ müsabiqəsinə iyunun 24-dən start verilib.

“Ali təhsil haqqında” yeni qanun layihəsi hazırlanır    

İyulun 2-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Parlamentin Elm və təhsil komitəsi üzvlərinin, Təhsil Nazirliyi təmsilçilərinin və mütəxəssislərin iştiraki ilə keçirilən iclasda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilib.

Bildirlib ki, İşçi qrupun sədri İsa Həbibbəyli, sədr müavinləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev və Təhsil nazirinin müavini İdris İsayevdir. İşçi qrupda Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Ağacan Abıyev, Kəmalə Əliyeva, Musa Qasımlı, Pərvin Kərimzadə, Asim Mollazadə, Təhsil Nazirliyin mütəxəssisləri təmsil olunublar.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilib

Cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçəcəklər.

MİQ üzrə müsabiqənin test imtahan mərhələsinin keçiriləcəyi tarix müəyyənləşib

Cari ilin 8-24 iyul tarixlərində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçiriləcək.

Alman dili və tarix üzrə 8 iyul, fizika, fransız dili və musiqi üzrə 9 iyul, informatika və rus dili üzrə 10 iyul, ingilis dili üzrə 11-12 iyul, biologiya üzrə 12-13 iyul, coğrafiya üzrə 13 iyul, ibtidai sinif üzrə 15-18 iyul, təsviri incəsənət üzrə 18 iyul, fiziki tərbiyə üzrə 18-19 iyul, riyaziyyat üzrə 19-22 iyul, texnologiya üzrə 22 iyul, kimya üzrə 22-23 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 23-24 iyul, Azərbaycan dili, rus dili və ədəbiyyatı üzrə 23 iyul tarixlərində test imtahanları keçiriləcək.

Ali təhsil işçilərinin attestasiyası aparılacaq 

Azərbaycanda ali təhsil sahəsi işçilərinin attestasiyası aparılacaq.

Bu barədə yeni hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində bildirilib.

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Geridə buraxdığımız günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılıb

Təhsil naziri gənc liderlərlə görüşüb

Ötən həftədə Təhsil Nazirliyində “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüş keçirilib.

Görüşdə Təhsil naziri Ceyhun Bayramov, Bakı, Gəncə, Lənkəran, Şəmkir, Şəki, Şamaxı, Saatlı, Biləsuvar, Şirvan, Balakən, Sumqayıt, Quba, Tovuz və Mingəçeviri təmsil edən 50 gənc iştirak edib.

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransının keçirilməsi barədə əmr imzalayıb. Əmrin imzalanmasında məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Bildirək ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan konfrans dekabrın 3-4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək.

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum oldu

Geridə buraxdığımız günlərdə Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.

Brifinqdə nazirliyin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov bildirib ki, müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən  ümumilikdə 878  layihə təklifi daxil olub.

 9 abituriyent qəbul imtahanından maksimum bal topladı

Ötən həftədə Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 2019-cu il iyunun 23-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahanda 7 abituriyent I qrup, IV ixtisas qrupu üzrə isə 2 abituriyent   onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

Məktəbi bitirənlərə attestatların verilməsinə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsinə başlanılıb.

Bildirək ki, 2017-ci ildən etibarən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur. Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

Azərbaycan Milli Elmlər Akademiyasında yeni təyinat olub

Gülnar Qasımlı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.

Gülnar Səma 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olub. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir.

Həftənin təhsil informasiyaları

 Kolleclərə ərizə qəbulu başladı 

Geridə buraxdığmız günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən   verilən məlumata görə, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün 22 fevral-11 mart tarixlərində elektron ərizə təqdim etməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu sistemi avqustun 5-dək aktiv olacaq.

 Ötən tədris ilində 827 mindən artıq dərslik yararsız hala düşüb  

Ötən tədris ilində Azərbaycanın orta məktəblərində istifadə olunan və yararsız vəziyyətə düşən dərsliklərin sayı açıqlanıb. 

Təhsil Nazirliyindən bildirilib ki, 2018/2019-cu tədris ilinin sonunda 827548 dərslik yararsız hala düşüb.

 Bu il 838 nəfər peşə hazırlığına cəlb olunub

Cari ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 838 nəfər əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Onlardan 682 nəfər üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. 

Təhsil naziri Siyəzəndə vətəndaşları qəbul edib

Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Xaçmaz, Siyəzən və Şabran rayon sakinlərini qəbul edib.

Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

 Universitetlərə imtahansız qəbul olmaq istəyən 7 mindən çox kollec məzunu ərizəsini təsdiqlədi

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.

Elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. İyulun 2-si saat 11:10-a olan məlumata görə, 6679 subbakalavr qeydiyyatdan keçib. Onlardan 6600 nəfərin ərizəsi təsdiqlənib.

 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları