Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-30 15:43:00
Bu gün keçirilən imtahanlarla bağlı Apelyasiya Komissiyası yaradıldı

Bu gün keçirilən imtahanlar ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

DİM-dən AzEdu.az-a bildiriblər ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Abituriyentlər Apelyasiya Komissiyasına 1–3 iyul 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd edək ki, bu gün:

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;

– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirilib.