XƏBƏRLƏR

20.05.2019 09:34
Elmdə ilkə imza atan rektor:  "Qeyri-səlis məntiq materialşünaslığa nüfuz edir" -MÜSAHİBƏ

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı  elm tarixində böyük uğura imza atıb.

AzEdu.az xəbər verir ki, professorun materialşünaslıqla bağlı elmi tədqiqatları dünyanın ən nüfuzlu elmi nəşriyyatı olan “World Scientific” tərəfindən kitablaşdırılıb.

Məlumat üçün deyək ki, adıçəkilən nəşriyyat dünyanın ən ciddi elmi nəşrlərinin çapı ilə məşğuldur və hər hansı alimin əsəri orada yalnız mürəkkəb şərtlər, tələblər əsasında işıq üzü görür. Bundan əlavə, hər hansı əsərin çapı üçün nəşriyyatın özünün xüsusi sifarişi ən vacib amildir.

Rektorun materialşünaslıqla bağlı apardığı orijinal elmi tədqiqat işləri “Fuzzy-logic based material selection and synthesis” adlı kitabda cəm olunub.

Burada ilk dəfə olaraq dahi həmyerlimiz  Lütfi Zadənin əsasını qoyduğu Qeyri-səlis  məntiqin  materialşünaslığa tətbiq məsələləri əksini tapıb. Elə kitabın ilk xeyir-duasını da Lütfi Zadə verib.

Rektor isə öz növbəsində kitabın ön sözündə onu həm də Lütfi Zadənin ruhuna həsr etdiyini vurğulayıb:

AzEdu.az bu elmi uğurla bağlı professor Mustafa Babanlı ilə hazırladığı  müsahibəni təqdim edir:

Söhbətə başlamazdan öncə Mustafa müəllimi bu böyük elmi uğur münasibətilə təbrik edirik. Rektorun elmi tədqiqatlarının “World Scientific” nəşriyyatının sifarişi əsasında kitablaşdırılması və bu kitabda materialşünaslığın Qeyri-səlis məntiqlə əlaqələndirilməsi çağdaş elmi prosesdə  önəmli hadisələrdən sayılmalıdır. Amma Mustafa müəllimi sevindirən məqam tamam başqadır: O, bir alim kimi qazandığı uğurdan da çox, Azərbaycanın hər hansı universitetində aparılan tədqiqatların həmin nüfuzlu nəşriyyatda sistemli şəkildə, kitab halında çıxmasına sevinir:

-Kitabı yazarkən, orada  bir sistem şəklində toplanan elmi tədqiqatlar üzərində işləyərkən, onun çap edilib-edilməyəcəyi barəsində heç düşünmürdüm.

Mənim üçün mühüm olan kitabın çapı yox, bu gün Azərbaycan universitetlərinin birində aparılmış elmi tədqiqat işlərinin “World Scientific” tərəfindən sifariş olunub, kitab halında buraxılmaq səviyyəsinə gəlib çatmasıdır.

Bildiyimiz kimi,  “World Scientific”  dünyanın ən böyük elmi nəşriyyatlarındandır.  Burda kitab çap etdirmək alimin şəxsi iradəsindən asılı deyil. Yalnız nəşriyyatın  özü hər hansı alimə müəyyən elmi istiqamətdə kitab yazmağı sifariş verə bilər.

Mustafa Babanlı Azərbaycan alimləri arasında bu işi görən ilk həmyerlimiz oldu. Lakin elm dünyəvi faktor olduğundan  böyük elmi işlər dünya prizmasından dəyərləndirilməlidir. Professor materialşünaslığı dünya alimləri arasında ilk dəfə olaraq, Qeyri-səlis məntiqlə əlaqələndirməklə beynəlxalq müstəvidə yeniliyə imza atdı. Özü bu elmi işin  və onun maddi təsdiqi olan kitabın tarixçəsi haqqında bunları deyir:

 

“2015-ci ildən sonra ADNSU-nun  ABŞ-ın məşhur  universitetlərindən olan və böyük alim Lütfi Zadənin çalışdığı Berkli Universiteti ilə əlaqələri yarandı. O zaman    Lütfi Zadəyə məktub yazaraq, Qeyri-səlis məntiqlə bağlı aparılan  tədqiqat işlərinin materialşünaslıq istiqamətində də davam etdirilməsini təklif  etdik.  O, buna dərhal müsbət cavab verdi; Qeyri-səlis məntiqin meyarlarını saxlamaq şərti ilə bu  istiqamətə rəhbərliyi mənə təklif etdi. Beləliklə, iki universitet mütəxəssislərinin birgə çalışacağı bir  layihəni yazıb - hazırladıq.  Bütün bu işlər  2015-ci ildən etibarən həyata keçməyə başladı və  3 il müddətində icra olundu. Layihə çərçivəsində biz tərəfdən çalışan əməkdaşların məvaciblərini ADNSU,  digərlərini isə Berkli Universiteti qarşıladı.

Onu bir daha qeyd edim ki, bu layihənin məntiqi sonluğu kimi nüfuzlu nəşriyyatda çapdan çıxan kitabın nəşrinin əsas təşəbbüskarı Lütfi Zadə  oldu.

Kitab onun sayəsində ərsəyə gəldi. Bu səbəbdən də, kitabın  girişində də onu həm atama, anama, daha sonra isə dahi Lütfi Zadənin ruhuna həsr etdiyimi vurğulamışam.

Rektor söhbətin bu yerində kitabda qabardılan elmi məsələlər və yeniliklərdən danışır:

- Alimlər, tədqiqatçılar nə vaxta qədər yalnız təcrübi yollarla ərintilərin xassələrini öyrənəcəklər? İnformasiya texnologiyalarının müasir inkişaf səviyyəsini, böyük verilənlər bazasının yaradılması mümkünlüyünü və Qeyri-səlis  məntiq nəzəriyyələrini tətbiq etməklə yeni yanaşma tətbiq etmək olmazmı? - Məni düşündürən məsələlər bunlar oldu.

Yeni materialların alınması istiqamətdə indiyə qədər bəlkə də  milyardlarla  təcrübə həyata keçirilib.  Bunların demək olar ki, hamısı açıq elmi mətbuatda dərc olunub, lakin sistemli şəkildə istifadə edilməyib. Araşdırmalar zamanı müxtəlif optimallaşma, modelləşdirmə yollarından, həmçinin, Fizikanın müxtəlif qanunlarından istifadə edirdik, lakin bizim tədqiqat işlərimiz qismən fərqli idi və ciddi nəticələrə nail ola bilmirdik. Yeni yanaşmada isə, materialşünaslıqla Qeyri-səlis məntiqin əlaqələndirilməsinə nail olduq və həqiqətən, fərqli (yüksək) nəticələr alındı.

Elə kitabın da yaranmasına əsas səbəb bu olub: Qeyri-səlis məntiqin materialşünaslıqla əlaqəsinin  fərqli nəticələrini görən “World Scientific” bu istiqamətdəki tədqiqatları kitablaşdırıb.  Bəs, Mustafa müəllimin özü  bu elmi sintezin gələcək potensialı haqqında nə düşünür? Özündən eşidək:

 -Qeyri-səlis  məntiqlə alınan nəticə məni sözün yaxşı mənasında təəccübləndirdi.  Biz məhz bu yoldan istifadə edərək daha irəli gedə bilərik. 

Yuxarıda qeyd etdiyimi bir daha vurğulamaq istəyirəm, XXI əsrin 19-cu ilində həm kompüterin imkanları əvvəlki kimi deyil, həm də alimlərin səyi nəticəsində  güclü eksperiment bazası yaradılıb.  Bu gün  dünyada xüsusi “Super kompüterlər” mövcuddur ki, onların tətbiq edilməsi ilə  mühüm (bəzən də mümkünsüz görünən) məsələlərin həlli mümkündür. Bizim gələcəkdə əsas məqsədlərimizdən biri mövcud eksperimentlər bazasının yaradılması və tətbiq edilməsidir.

İkinci bir tərəfdən düşünürəm ki, materialşünaslıqla məşğul olan dünya alimləri bu istiqamətdə aparılan işlərə həvəslə qoşulacaqlar. 27-28 avqust 2019-cu il tarixlərində, Praqa şəhərində keçirələcək beynəlxalq konfransda iştirak üçün çoxsaylı müraciətlər qəbul edilib ( http://www.icsccw2019.com). Bizim universitet bu elmi konfransın əsas təşkilatçılarından biri kimi çıxış edir.

Bütün bu işlər heç də asan başa gəlməyib. Əvvəla ona görə ki, 3 il ərzində çətin elmi tədqiqatlar dünyanın məşhur universitetinin görkəmli alimləri ilə birgə aparılıb. İkincisi isə elmdə yeniliyin gətirdiyi məsuliyyət. Yaradıcı heyət təbii ki, bu 3 il ərzində nələri hədəflədiyinin fərqində idi. Lakin Mustafa müəllim deyir ki, o kitabın ona müəllif kimi təqdim olunan nüsxələrini gömrükdən götürənə kimi bu elmi uğurun həyata keçdiyinə inanmayıb:

 “Onu da deyim ki,  layihə çərçivəsində yalnız Qeyri-səlis məntiq–materialşünaslıq istiqamətindəki tədqiqatlarla məşğul deyildik. Bizdə iqtisadçılar, kimyaçılar da Qeyri səlis məntiqin imkanlarından yararlanmağa çalışır, tədqiqatlar zamanı ondan  istifadə edirlər.

Kitab təbii ki, yeni çapdan çıxıb. Amma onunla bağlı artıq müəyyən rəylər, fikirlər də var.

Kitabla bağlı dünyanın görkəmli alimlərindən fikirləri, rəyləri, sualları, şərhləri mən yox, nəşriyyatın özü alırdı. Ümumiyyətlə, “World Scientific”-dəki iş prinsipi belədir. Hər hansı alimin kitabının çapına qərar verən şəxslərin kimlikləri gizli saxlanılır. Onlar da təbii ki, çox güclü, müxtəlif nüfuzlu mükafatlar alan alimlər arasından seçilirlər. Kitab bu cür çətin mərhələlərdən sonra çap üçün təsdiqlənir və son ana qədər müəllifin onun çap olunub-olunmayacağından xəbəri olmur.

Ümumiyyətlə, bütün bu işlər üzündən  çox yorulurdum. Onlar kitabın məzmunu, dizaynı və s. kimi yarana biləcək suallarla bağlı bir neçə nəfərdən ibarət  xüsusi işçi qrup yaratmışdılar. Bütün sualları və tələbləri bu qrup mənə e-mail vasitəsi ilə göndərirdi. Bəzən elə olurdu ki, onların sorğuları şəxsi e-mail ünvanıma göndərilsə də “spam mesajlar qutusuna” düşürdü və  mən onları görmürdüm. Bu zaman problemlər yaranırdı. Çünki sualların cavablandırılması çox vacib meyarlardan sayılır. Nəticəni əldə edənə qədər çox çətinliklərdən keçdik: Belə deyim, kitabı gömrükdən götürənə kimi bu işin öhdəsindən gələcəyimə inanmırdım”.

Nəşriyyatın müəllifləri  və onların çap olunacaq kitablarını yalnız özü seçdiyini bildirən Mustafa müəllim gələcəkdə də “World Scientific”-lə əməkdaşlığın inkişafına ümid edir:

-Əvvəl də qeyd etdiyim kimi, bu nəşriyyat kitab çap ediləcək şəxsləri özü seçir və özləri də müraciət edir. Nəşriyyatın  bir çox məsul işçiləri bu kitabın ərsəyə gəlməsində zəhmət çəkiblər, lakin mən heç onları görməmişəm. Seçdikləri  müəlliflər əsasən,  müxtəlif mükafat, laureatlar almış şəxslərdir. Mənimlə işləmək onlar üçün də bir növ risk idi.

Kitabın qiyməti 98 ABŞ dollarıdır, bizim milli valyutamız ilə 165 manat. Həcmi isə 276 səhifədir ( https://www.worldscientific.com /worldscibooks/10.1142/11164). Real götürsək, hər kəsin ala biləcəyi bir kitab deyil.  Doğrudur, mənə müəllif  kimi kitabın bir neçə nüsxəsi verilib.  Onlardan birini universitetin kitabxanasına təqdim etdim. Daha sonra insanların yararlana biləcəyi yerlərə (məsələn, Azərbaycan Milli Kitabxanasına) verməyi düşünürəm.  Gələcək üçün də  əməkdaşlığımızın inkişaf edəcəyinə ümidliyəm.

Əsas hədəfimiz (yaxın iki-üç ildə)  elmi tutumlu sənayeni yeni materiallarla təmin etmək, onların günü-gündən artan  tələblərinə daha operativ və dolğun cavab verməkdir.

Materialşünaslıq çağdaş elmlərin içərisində öz vacibliyinə görə seçilir. Məsələn, keçən əsrin 60-cı illərində Amerikada mobil telefon yaradılmışdı, amma bu telefon o qədər böyük idi ki, onu bir əsgər silah yerinə daşıyırdı. Çünki kiçildilməsi və bütün funksiyaları həyata keçirə bilməsi üçün tələb olunan material alimlər tərəfindən yaradılmamışdı. Zaman keçdi, İT sahəsi inkişaf etdi, material elmi ilə məşğul olan alimlər yeni materiallar kəşf etdi və müasir smartfonlar yarandı.

Materialşünaslıq, materialın strukturu ilə xassəsi arasındakı əlaqəni öyrənən elmdir. Bizim istəyimiz, nəzəri cəhətdən əsaslandırılmış, yeni forma yaddaşlı ikili, üçlü ərintilər hazırlamaq və bu işlərdə böyük verilənlər bazasından istifadə etməklə, Qeyri-səlis məntiqin əlaqələndirilməsinə nail olmaqdır. Əsas hədəfimiz bu sinif ərintilərə aid olan, lakin yeni, bu günə qədər məlum olmayan materialların hazırlanmasıdır.

Rektor Azərbaycanda elmin inkişafı üçün gənclərin üzərinə düşən işlər barəsində bunları deyir:

-Biz gənclərimizi  ölkəyə fayda verəcək  mütəxəssis kimi yetişdirməliyik. Bir Azərbaycan gənci  ali təhsil alarkən, öz gələcəyi, ölkəsi üçün nələri qazandıra biləcəyini düşünməlidir.  Bugünkü cəmiyyətimizdə, plagiatla məşğul olmaq, imtahanlarda qadağan edilmiş vasitələrdən istifadə etməklə layiq olmadığın qiyməti qazanmaq, kiminsə himayəsinə sığınmaqla nəsə əldə etmək keçərli deyil. Biz gənclərə ilk növbədə, universitetə diplom adlanan  kağız parçası üçün yox, bilik əldə etmək üçün gəldiyini başa salmalıyıq.  Bunu tək tələbəyə yox, tədris prosesinə cəlb olunan hər bir kəsə aşılamalıyıq. Müəllimlərə qiymətləndirmə zamanı  tələbənin məntiq və biliyini nəzərə almalarını məsləhət görərdim. Ali məktəb tələbəsi seminar (məşğələ) dərslərində müəllim tərəfindən orta məktəbdəki kimi lövhəyə çağırılmamalıdır. Müəllimlər (tələbənin iştirakı ilə), mühazirələrdə tədris etdikləri nəzəri materialların praktik vərdişlərə (biliklərə) çevrilməsini təmin etməlidirlər. Ən müasir düşüncəli universitet müəllimi tələbənin fərdi  yaradıcılıq qabiliyyətini formalaşdırmalı və bu vərdişləri tələbələrin kollektiv şəkildə və ya fərdi qaydada hazırladıqları təqdimatlarla, düşündürücü suallarla biliyə çevirməlidirlər. Aralıq  qiymətləndirmə zamanı isə tələbənin semestr boyu göstərdiyi faktiki aktivlik nəzərə alınmalıdır.

Söz elə ali məktəblərdəki tədrisdən düşmüşkən, Mustafa müəllimdən həm bir rektor, həm də elm xadimi kimi bir neçə təkliflə çıxış etməsini xahiş edirik:

-Bu gün universitetlərin əsas bəlası yeni texnologiyaların sifarişçisi kimi çıxış edə bilməməsidir. Yaxşı olardı ki, ali məktəblərimiz ölkəyə gətirilən yeni (müasir) texnologiyaların öyrənilməsi və onun elmi əsaslarla tədrisdə istifadə edilməsi üzrə təkmilləşsinlər. Bunun üçün ölkəmizdə yaradılmış texnologiya parklarına və müasir texnoloji səviyyədə qurulmuş zavodlara gətirilmiş qurğular gənclər tərəfindən elə mənimsənilməlidir  ki, onlar universiteti bitirdikdən sonra bu müəssisələrdəki həmin qurğularda sərbəst işləyə bilsinlər. Universitetlər, tələbələrin təcrübə qazanması üçün həmin sənaye müəssisələri ilə əməkdaşlıq etməyə borcludurlar, tədris proqramlarına əlavələr edilməsinə (bəzi hallarda yenilənməsinə) şərait yaratmalıdırlar və həmin qurğuların öyrənilməsini  təmin etməlidirlər. Biz universitetlər olaraq çalışmalıyıq ki, Ölkəmizin prioritet istiqamətlərinə və iştirakımızla həyata keçirilən beynəlxalq layihələrdə işləyə biləcək layiqli kadrlar hazırlayaq. Digər tərəfdən yalnız texnologiyaların arxasınca qaçmaqla da böyük uğur qazanmaq mümkün deyil.  Texnologiyalar tez-tez dəyişir və dəyişən texnoloji tələblərə uyğun, hər ilin sonu  universitetdə yeni laboratoriyalar yarada bilmərik. Buna nə vəsaitimiz çatar, nə də zamanımız. Bunun üçün fundamental biliklərin verilməsi universitetlərdə prioritet istiqamət kimi saxlanılmalı, Ölkəmizin prioritet istiqamətləri ciddi nəzərə alınmalıdır. 

Dil  bilgisinin əhəmiyyətindən  danışan Mustafa müəllim bu gün ingilis dilli ixtisaslara tələbatın artdığını  deyir:

-Biz fundamental və dil biliklərinin verilməsi üzərində də çalışmalıyıq.   Bu gün ingilis dilini bilməyən tələbə araşdırmalar aparıb texnologiyaları öyrənə bilməz. Gənclərimizə ingilis dilini mükəmməl səviyyədə öyrənməyi tövsiyə etməliyik. Cari ilin aprel ayının 22-də “BP”, British Council  və ADNSU arasında üçtərəfli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, bu ilin may ayının 1-dən ADNSU-nun ştatda olan 35 nəfər ingilis dili və 55 nəfər ixtisas (texniki) fənləri tədris edən müəllimlərin ingilis dilində tədrisin aparılması üçün yenidən, ən yüksək tələblərə cavab verən səviyyədə hazırlanmasına başlanılmışdır. “BP”-nin sponsorluq etdiyi layihənin ikinci fazasında (2020-ci ilin yanvarından), layihə çərçivəsində hazırlanmış ADNSU müəllim-ekspertlər, yenə də “BP”-nin maliyyəsi ilə, 200 nəfər ADNSU tələbəsinə, magistrına və doktorantına nəinki adi ingilis dilini, həmçinin texniki ingilis dilini də ən müasir tələblərə cavab verən səviyyədə öyrədəcəklər. Bu isə ölkədə görülən işlərin nəticəsidir. Bu gün “BP” ölkədə təhsil sahəsindəki işlərə inanıb universitetlərə dəstək göstərməsəydi belə layihələrin icrası mümkün olmazdı. Biz hazırda universitet olaraq 23 ixtisas üzrə ingilis dilində tədris aparırıq. 2018/19  tədris ilində DİM keçirdiyi qəbul imtahanlarında yüksək ballar toplamış abituriyentlər məmnuniyyətlə ingilis dilində tədris aparılacaq ixtisaslara üstünlük vermişdir. Məhz bu il, ilk dəfə olaraq, qəbul zamanı ADNSU-da ingilis bölməsində  təhsil alan tələbələrin sayı rus bölməsində təhsil alan tələbələrin sayından artıq olmuşdur. Orta məktəblərin rus bölmələrini bitirən abituriyentlərinin yarıdan çoxu bizim universiteti seçərkən ingilis bölmələrində təhsil almağa üstünlük vermişlər. Bu bir tərəfdən bizi sevindirir, digər tərəfdən məsuliyyətimizi artırır. Bizim I kursda 8 ixtisas üzrə ingilis dilində tədris alan tələbələrimizin Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş imtahanlardan qazandığı keçid balı 600-dən yuxarıdır. Hazırda,  qeyri neft sektoruna aid olan texniki ixtisaslar üzrə təhsil alan  tələbələr  böyük  nailiyyətlər  qazanırlar. Bu ölkəmizdə aparılan siyasətin uğurudur. Burada startap hərəkatının ölkəmizdə geniş vüsət aldığını, müasir, innovativ düşüncəli gəncliyin yarandığını xüsusi vurğulamaq istərdim. İndi universitetlərimiz geniş dünya görüşünə malik olan kiçik və orta  sahibkarlar ordusunun yaranmasına töhfə verməyi qarşılarına məqsəd qoyurlar. 

Həmişə olduğu kimi, bu gün də ölkəmizdə, tələbələrin rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə mühüm addımlar atılır. Cənab Prezidentin sərəncamı ilə, bütün tələbə təqaüdləri orta hesabla 20% -dən artıq artırıldı, bununla yanaşı tələbələrə 16 min əlavə təqaüdün verilməsi ilə bağlı qərar verildi və uğurla icra olundu. Yalnız bizim universitetimizdə 1033(bir min otuz üç nəfər) tələbəyə mart ayının 1-dən əlavə təqaüdlər hesablandı. Xüsusi qeyd etmək istəyirəm ki, bu təqaüdlərin bir çoxu əlaçı  və zərbəçi təqaüdləridir. Bu təqaüdlərə görə tələbələrimiz adından cənab Prezidentə xüsusi təşəkkür bildirmək istərdim. Belə ki, bizim universitetimizdə tələbələr arasında təqaüd qazanmaq yolunda sağlam rəqabət o qədər yüksəlmişdi ki, imtahan sessiyasının yekunlarına görə ortalama balı  93 (100 ballı qiymətləndirmə şkalası ilə) olan tələbələrimiz də bəzən təqaüd qazana bilmirdilər. Məlum sərəncamdan sonra bu çətinlik aradan qaldırıldı, çünki, bu təqaüdlər ixtisasa deyil uğur qazanan tələbələrə verildi. Son illərdə gəncliyin inkişafı ilə bağlı ölkəmizdə onlarla sərəncamlar və proqramlar qəbul edilmişdir, lakin mən Ölkə başçımızın təşəbbüsü ilə qəbul olunmuş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ilə bağlı bir neçə məqama toxunmaq istərdim. 2018-ci il noyabrın 16-da qəbul olunmuş bu proqramda ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılması ilə bağlı  iki əsas istiqamət var:

  • Birinci istiqamət, Dövlət Proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 (beş) beynəlxalq ikili diplom proqramının təsis olunması;
  • ikinci istiqamət, Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə doktorantura səviyyəsi üzrə yüksək reytinqli xarici ali təhsil müəssisələrində və xüsusi ixtisaslaşmış elm-təhsil mərkəzlərində təhsilin maliyyələşdirilməsinin təşkili;

Dövlət proqramına əsasən, 2019-2023-cü illər ərzində  Azərbaycan gəncləri dünyanın aparıcı universitetlərində doktorantura təhsili almaq hüququ qazandığı təqdirdə dövlət tərəfindən onlara tam maliyyə dəstəyi göstərilir. Bu Azərbaycanda fəaliyyət göstərən universitetlər üçün çox vacib layihədir. Dövlət proqramının icrası nəticəsində yüzlərlə gəncimiz yüksək səviyyəli elmi məktəb keçəcəklər. Yekunda, gənclərimiz Azərbaycan universitetlərinə dönərək nəinki öz elmi fəaliyyətlərini davam etdirəcəklər, həmçinin iki universitet və ya elmi laboratoriya arasında yeni layihələrin hazırlanmasına və icrasına yardım edəcəklər. Bununla da yeni elmi mühitin formalaşdırılması təmin ediləcəkdir.

 Elmin Nuri

Rəna Nəbi

FOTO: İsmət Paşa

İlin gənc müəllimi-Müraciət formu