“Bu gün biz ölkəmizin istedadlı şagirdlərinin uğurlarını qeyd etmək üçün bir araya gəlmişik. Bu mərasimi eyni zamanda biliyin, zəhmətin və istedadın bayramı kimi dəyərləndiririk”.
AzEdu.az xəbər verir ki, bu sözləri Elm və təhsil nazirinin müavini İdris İsayev Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
“Bu gün burada toplaşmağımızın əsas səbəbi şagirdlərimizin əldə etdikləri uğurlardır. Onların yüksək nəticələri hər birimizi sevindirir və qürurlandırır.
Artıq əminliklə deyə bilərik ki, bu zalda əyləşən hər bir şagird öz biliyi, bacarığı və nailiyyəti ilə sübut edib ki, qarşıya qoyulan məqsədlərə çatmağın yeganə yolu əzmlə çalışmaqdan, zəhmətdən və yorulmadan irəliləməkdən keçir.
Müasir dövrdə dövlətlərin gücü yalnız təbii sərvətlərlə ölçülmür. Ölkələrin inkişafında insan kapitalı həlledici rol oynayır. Elmi biliklərə sahib, texnologiyaları mənimsəyən, yaradıcı və təşəbbüskar insanlar hər bir dövlətin tərəqqisinin əsasını təşkil edir.
Bu baxımdan Respublika Fənn Olimpiadaları sadəcə yarış deyil, eyni zamanda ölkənin intellektual potensialının formalaşmasına xidmət edən mühüm platformadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində təhsil və insan kapitalının inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Təhsilin keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması, istedadlı gənclərin aşkarlanması və onların inkişafına dəstək göstərilməsi istiqamətində mühüm addımlar atılır. Fənn olimpiadaları da bu siyasətin vacib tərkib hissəsidir.
Əziz şagirdlər, qazandığınız uğurlar yalnız sizi sevindirmir. Siz müəllimlərinizi, valideynlərinizi, məktəblərinizi və bütövlükdə təhsil ictimaiyyətini sevindirirsiniz.
Bu nailiyyətlərin arxasında böyük zəhmət, fədakar əmək, yuxusuz gecələr, uzunmüddətli hazırlıq prosesi və möhkəm iradə dayanır. Məhz bu keyfiyyətlər sizi bugünkü uğura gətirib çıxarıb".