Azedu.az

Rektor RFO-nun qaliblərini belə təbrik etdi

AzEdu Təhsil Platforması

11 İyun 2026, 16:25
Rektor RFO-nun qaliblərini belə təbrik etdi

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğının nəticəsində ölkəmizdə həm idman, həm də təhsil sahəsində mühüm uğurlar əldə olunur. Bu gün keçirilən Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi də həmin dövlət siyasətinin uğurlu nəticələrinin bariz nümunələrindən biridir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

“Respublika Fənn Olimpiadaları hər il Elm və Təhsil Nazirliyi tərəfindən müxtəlif fənlər üzrə təşkil olunur və ölkənin ən istedadlı məktəblilərini bir araya gətirən nüfuzlu elm yarışıdır.

Bu olimpiadaların əsas məqsədi şagirdlərdə özünəinam hissini gücləndirmək, onların istedad və yaradıcılıq potensialını üzə çıxarmaq, eyni zamanda gələcək peşə və ixtisas seçimlərində düzgün istiqamət verməkdir.
Olimpiadalar Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilir. Burada əldə etdiyiniz uğurlar yalnız medal qazanmaqla məhdudlaşmır. Siz eyni zamanda gələcəyə inam qazanır, öz potensialınızı nümayiş etdirmək imkanı əldə edirsiniz.

Bununla yanaşı, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olunmaq hüququ qazanırlar. Bu isə sizin zəhmətinizin, əzminizin və istedadınızın ən yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisidir.

Qeyd etmək istərdim ki, informatika fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsinə artıq iki ildir Bakı Dövlət Universiteti ev sahibliyi edir. Bu fakt universitetimizin gənc istedadların inkişafına verdiyi önəmin və bu istiqamətdə daşıdığı məsuliyyətin göstəricisidir".

Rus ordusu Zəngəzura girdi - Bu ərazi nəzarətə götürüldü
Son xəbərlərDaha çox