XƏBƏRLƏR

26.03.2019 13:50
Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?-Psixoloqdan müəllimlərə tövsiyələr

“Dərs ili müddətində tətillər tez-tez olmalıdır ki, uşaqlarda adaptasiya problemi yaranmasın”.

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Roza Kazımlı bildirib.

O, adaptasiya problemlərinin daha çox ibtidai siniflərdə yaşandığını və bu baxımdan, müəllim və valideynlərin üzərinə böyük yük düşdüyünü deyir:

“Düşünürəm ki, dərs ili ərzində tətillər tez-tez olmalıdır ki, uşaqlarda adaptasiya problemi yaranmasın. İl ərzində, səhv etmirəmsə, 3 dəfə tətil olur və uşaqlar nə istədikləri kimi tətil keçirə, nə də dincələ bilirlər. Bu halda, onlarda  adaptasiya problemləri yaranır.

Adaptasiya problemi daha çox ibtidai siniflərdə yaranır. Bu zaman isə müəllim və valideynlərin  üzərinə böyük iş düşür.

Müəllimlər tətildən əvvəl şagirdlərə asudə vaxtlarında yerinə yetirmələri üçün  maraqlı tapşırıqlar verməlidir ki, onlar dərs ab-havasından tam uzaqlaşmasınlar və  məktəbə qayıtmaqları üçün  həvəsləri oyansın.  Uşaqlar məktəbə məcbur getməməlidir. Onlarda tətil müddətində bir çox suallar  yaranır: “dərsə  niyə getməliyik?”, “tətil  bitdikdən  sonra necə olacaq?”  Bütün bunların qarşısını almaq üçün əsas yük müəllimin üzərinə düşür.  O, nə qədər sərt, tərs olsa, sinifdə yalnız müəllimin sözünün keçdiyi aftoritar şərait hökm sürsə uşaqlarda da dərsə həvəs bir o qədər az olacaq.

Heç də bütün şagirdlər eyni deyil. Müəllimlər bunu qəbul etməli və hər şagirdə fərdi yanaşmalıdır. Bəzən uşaqlar olur ki, onlarda rəsmə daha çox həvəsi olur. Amma  müəllimlər onlara “Riyaziyyat”ı, “Həyat Bilgisi”ni  məcbur öyrətməyə çalışırlar. Bu hal aradan qalxmalıdır. Əsas fənlərlə yanaşı Təsviri incəsənət, Fiziki tərbiyə kimi fənlərə də maraq yaradılmalıdır.

Belə deyək, bir məktəbdə 3 paralel  2-ci sinif ola bilər. Bu siniflərdə dərsə həvəsli şagirdlərin sayı heç də eyni deyil. Hansı sinifdə ki, müəllim şagirdlərə fərdi yanaşır, onları bacardıqları sahəyə yönləndirir, bu siniflərdə dərsə maraq daha çox olacaq.

Qaldı ki, valideynlərin vəzifəsinə, onlar uşaqların tətil tapşırıqlarına kömək etməlidilər.  Amma nəzərə almaq lazımdır ki, bu şagirdlərin  tətilləridir. Gün ərzində maksimum bir saat dərslə məşğul olmaq lazımdır. Məsələn, biz özümüz tətil ərzində işləsək buna heç də müsbət reaksiya vermərik, o ki qaldı uşaqlar...  Bu baxımdan onların tətilləri əlindən alınmamalıdır”.

Rəna Nəbi

İlin gənc müəllimi-Müraciət formu