XƏBƏRLƏR

12.03.2019 10:35
Kimlər kollecdən universitetə imtahansız qəbul oluna biləcəklər? – Vacib bilgi  

“Kolleclərdən universitetlərə imtahansız qəbul qaydalarından o şəxslər yararlana biləcək ki, həmin şəxslərin kollecdə təhsil aldıqları subbakalavr ixtisasının eynisi ali məktəblərdə var.

Məsələn, hər hansısa kollec məzunu İnformasiya texnologiyaları üzrə subbakalavr təhsili alıbsa, o zaman həmin şəxs bakalavr pilləsində bu ixtisasın olduğu ali təhsil müəssisələrinə imtahansız qəbul oluna biləcək”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. O, kolleclərdən universitetlərə imtahansız qəbul barəsində verilən və hazırda baxılma mərhələsində olan qərarı şərh edib:

“2019-2020 tədris ili üçün ali məktəblərə qəbul zamanı kollec məzunlarına imtahansız qəbulolma şansı verilə bilər. Qərar hazırda baxılma mərhələsindədir. Bu mövzuda çoxsaylı sualları nəzərə alaraq, qərarın kimlərə şamil olunmasını diqqətə çatdırmaq istədim.

Qərardan o şəxslər yararlana biləcək ki, həmin şəxslərin kollecdə təhsil aldıqları subbakalavr ixtisasının eynisi ali məktəblərdə də var. Məsələn, hər hansısa kollec məzunu İnformasiya texnologiyaları ixtisası üzrə subbakalavr təhsili alıbsa, o zaman həmin şəxs bakalavr pilləsində bu ixtisasın olduğu ali təhsil müəssisələrinə imtahansız qəbul oluna biləcək”.

Mütəxəssisin fikrincə, qərar ali məktəblərdə bakalavr pilləsində mövcud olmayan ixtisaslara şamil edilməyəcək:

“Məsələn, qərar arxiv işi və kargüzarlıq, reklam işi, ailə və ev təhsili və s. bu kimi qəbildən olan ixtisaslara aid deyil. Çox güman ki, qərardan tibb profilli kollecləri bitirən məzunlar kənarda qalacaq. Qaydaların təsdiq olunub-olunmayacağı barədə qarşıdakı günlərdə məlumat veriləcək. Bundan sonra konkret qaydalarla tanış ola biləcəyik”.

Xatırladaq ki, Azərbaycanda orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı Təhsil Nazirliyində hazırlanmış qaydalar Nazirlər Kabinetinə təqdim edilib.

Bu qaydalara əsasən subbakalavrlar ali təhsil müəssisələrinin yalnız müvafiq ixtisaslarına, yəni subbakalavrın təhsil aldığı ixtisasa uyğun olan ixtisasa qəbul olmaq istədiyi halda müsabiqədə iştirak edə biləcək. Belə subbakalavrlar ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda iştirak etməyərək müsabiqənin birbaşa ixtisaslaşma mərhələsinə buraxılacaqlar. Subbakalavrların qəbul olunacaqları ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu