Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-04 10:51:23
Dünya alimlərinə elmi ideya verən məşhur yazıçılar - Adlar

Yazıçılar təkcə bədii yaradıcılıqla məşğul olmayıblar. Onlardan bəziləri, xüsusən də elmi fantastika janrında yazan yazıçılar  əsərlərində bəzi elmi ideyaların da əsasını qoyublar. Onlar müəyyən elmi konsepsiyaya, ixtiraya nəzəri yöndən yanaşsalar da, alimlərin əsas ideya verici qüvvəsi olublar:

AzEdu.az həmin yazılardan bir neçəsini təqdim edir. Onlar həm də, elmə verdikləri töhfələrə görə də seçilirlər:

Jül Vern - Məşhur alim, dünya elmində ən çox ixtira müəllifi olan Tomas Edisson məhsuldarlığına görə Jül Vernə borclu idi. Onun qeydlərində də bu haqda fikirlərə rast gəlmək olar. Jül Verni oxuyarkən insan zəkasının intəhasızlığına valeh olan Edisson onun kağız üzərində olan ideyalarının bəzilərini laboratoriyaya gətirdi.

Jül Vernin “Hava şarı ilə beş həftə”, “XX əsrdə Paris”, “Yerin mərkəzinə səyahət”, “Dünyadan aya”, “ 20 min lyö su altında”, “80 gün Yer ətrafında səyahət” kimi əsərləri onlarla ixtiranın toxumunu daşıyırdı. Dalbadal o qədər roman yazırdı ki, Fransada bir çoxları Jül Vernin tək bir şəxs, vəkil Pyer Vernin oğlu deyil, bir cəmiyyət olduğunu güman edirdi. Elektrik stul, sualtı gəmi, vertolyot, təyyarə, qazma texnikası, raket və kosmosa uçuş kimi yeniliklər onun ideyalarının bəhrəsi idi. Bir çox ixtiraçının Jül Vernə ithafən söylədiyi sözlər boşuna deyildi. İlk dəfə Şimal qütbünə təyyarə ilə uçan admiral Riçard Börd “Mənə yolu Jül Vern göstərdi”, - deyirdi. Sualtı dünyanın atası hesab olunan Simon Leyk isə “İşığım Jül Vern oldu”, - deyərək onun yazdıqlarının önəmini vurğulayırdı.

Jül Vernin bəzi ixtiraları coğrafiya və başqa təbiət elmləri sahəsinə aid idi. Çünki peşəkar coğrafiyaşünas olan Jül Vern gənclik çağından əlil olana qədər (ruhi xəstə olan qardaşı oğlu silahla onun diz qapağını yaralayandan sonra yazıçı bir daha səyahətə getmir) dünyanın əksər quru və su hövzələrini qət edərək, qabarma və çəkilmələr, sualtı dünyadakı tektonik proseslər, temperatur və təzyiqin dəyişmə metodları kimi elmi məsələləri ilk dəfə öz əsərlərində nəzəri əsaslarla təqdim edib.

Jül Vern zamanında mövcud olmayan, bəşəriyyəti heyran qoya biləcək bir çox texniki nailiyyətlərin təsvirini verib. Romanlarının birində təsvir etdiyi sualtı qayıq - “Nautilus” bir çox yazıçılar tərəfindən rişxəndlə qarşılanmışdı. Lakin sonradan bu, heç də utopiya sayılmadı. Yazıçının istər sualtı qayıq, istərsə də gəmini gur işıqlandıran elektrik və ya rezin güllələr haqqında söylədikləri bu gün bir reallıqdır, yəni insan əli ilə yaradıla bilən işlərdir. Jül Vernin böyük elmi uzaqgörənliklə təsvir etdiyi bu gəmi, həqiqətən də o zaman elm aləminə və hərb tarixinə məlum deyildi.

Dahi yazıçının bu uzaqgörənliyi yalnız 1917-ci ildə həqiqətə çevrildi və bu gəmi də onun şərəfinə məhz “Nautilus” adlandırıldı.

Ümumiyyətlə, ədəbiyyatşünaslar hesablayıblar ki, Jül Vernin 108 fantastik ideyasından yalnız 10-u yanlış olub və ya prinsip etibarilə həyata keçirilməsi mümkün olmayıb. Qalan 98 halda yazıçının gələcəkdən böyük uzaqgörənliklə xəbər verdiklərinin hamısı doğru çıxıb.

Herbert Uells-  “Görünməz adam” və “Dünyaların müharibəsi” kitablarının müəllifi olan Herbert Uellsin gələcək haqqında xəbər verdiyi 86 ideyasından 75-i indiyə kimi ya artıq həyata keçirilib, ya da müasir elmin məlumatlarına əsasən, mütləq həyata keçəcək.

Herbert Uells 1902-ci ildə çapdan çıxan “Gələcəyi görmə” kitabında yazırdı: “Aeronavtika heç zaman ciddi nəqliyyat və rabitə vasitəsi olmayacaq. Hər hansı bir sualtı qayığın heyətinin boğulması, qayığın özünün isə suyun dibinə enməməsini təsəvvürə gətirməkdən təxəyyül imtina edir. Siz öz-özünə hərəkət edən minanı və ya başqa bir mərmini hədəfə ala bilərsiniz, amma belədə hədəfi məğlub etmək ehtimalınız, heç də düşmənlə gözübağlı atışmadan çox olmayacaq”.

Herbert Uellsin XIX əsrin sonu XX əsrin əvvəllərində yazdığı bir əsərdə atom bombası haqqında üstüörtülü məlumatlar da verilir. Hətta radioaktiv zəhərlənmə, bakterioloji silahlar barəsində ilkin təsəvvürləri də onun əsərlərindən ala bilərik. Yazıçının bir əsərində modern mikrobiologiyaya aid məsələlərə də rast gəlmək mümkündür. Kiçik hekayədə modern mikrobiologiya elminin araşdırmalı olduğu bəşəri problemlər öz əksini tapıb.

H.Uellsin “Dünyaların müharibəsi” əsərində isə bu gün NASA-nın Marsda kəşf etdiyi bəzi elmi faktlara, səthi də olsa toxunulub. UNO gəmisi, onun ətrafa saçdığı yaşıl işıq haqqında ilk məlumatı da yazıçı bu əsərində qeyd edib.

Robert Haynlayn -  öz əsərlərində elmi ehtimallarla bərabər, onların gələcəkdə bəşəriyyətə gətirə biləcəyi fəlakətlərin də proqnozunu verib. Amerikalı fantast Xirosima faciəsindən dörd il əvvəl – 1941-ci ildə “Uğursuz nəticə” adlı povestində amerikalıların “Uran-235″dən mərmi düzəldəcəklərini və müharibənin axırında həmin mərmini düşmənin böyük şəhərinə atacaqlarını təsvir etmişdi. Təsvirlər o qədər aydın və yerli-yerində idi ki, yazıçını hərbi sirləri yaydığına görə, məsuliyyətə cəlb etmişdilər. Çünki həmin ərəfədə ABŞ-da və İngiltərədə atom silahı ilə bağlı işlərə artıq başlanılsa da, bu proses son dərəcə məxfi aparılırdı…

Ayzek Azimov - Uzun müddət ABŞ-ın ən nüfuzlu universitetlərində dərs deyən Ayzek Azimov biokimya professoru olmaqla yanaşı, bütün ömrünü elmin kütləviləşməsinə sərf edib. Bu istiqamətdə “Elm və elmi ixtiralar tarixi”, “Kimyanın qısa tarixi”, “Robot”, “Sözlərin tarixi” kimi əsərlər yazırdı. Amma yazıçını dünyada elmi fantastika janrında yazdığı əsərlər tanıtdı. O, “Təməlçilər”, “Kosmik axınlar”, “Marslıların yolu”, “Ölü planet”, “Zamandan qaçış”,   “Qızıl qalaktika” kimi elmi-fantastik romanlarında bəşəriyyətin gələcəyi ilə bağlı maraqlı elmi proqnozları insanlara təqdim etdi. Azimovun ilk dəfə əsərlərində istifadə etdiyi terminlər sonradan bütün dünya elmində işlək funksiya qazandı. Məsələn, “robotexnika”, “psixotarix”  və s. terminlər ilk dəfə onun əsərlərindən çıxaraq universitetlərə, elmi laboratoriyalara ayaq açdı. Sovet dövründə araşdırmaçılar onun yalnız elmi-kütləvi və elmi-fantastik əsərlərini geniş tədqiq edirdilər. Onun həyatına aid olan bəzi məsələlər dəqiqləşdirilmədi. Yazıçının elmə verdiyi töhfələrlə yanaşı, həmçinin onun həyatına aid olan maraqlı bir faktı da qeyd etməliyik. Bu, onun Azərbaycan əsilli yazıçı olma ehtimalıdır.

XX əsrin əvvəllərində Bakıda və Azərbaycanın əksər yerlərində yaşayan yəhudi ailələrinin bəziləri ölkəni tərk edərək, Rusiya və  Avropa ölkələrinə üz tutdular. Ayzekşünasların ötən əsrin 1980-ci illərdəki bəzi yazılarında yazıçının ata-anasının Azərbaycandan  olduğu göstərilirdi.  O zaman araşdırmaçı qrupunun, demək olar ki, hamısı bu faktla razılaşırdı.

Maraqlı bir faktı qeyd edək: Ayzek Azimovun oxucusu olan mərhum professor Zeydulla Ağayev ABŞ-da onunla görüşəndən sonra yazıçıya valideynlərinin Azərbaycandan olması ilə bağlı sual verir. Lakin o, bunu inkar edir.

A.Azimov 1956-cı ildə yazdığı məqalədə 2014-cü ili proqnozlaşdırdı. Həmin proqnozlardan əksəriyyəti bu gün öz təsdiqini tapdı. Onlardan bir neçəsini təqdim edək:

“Bəşəriyyət dəhşətli dərəcədə hərəkətsizlikdən, xəstəliklərdən əziyyət çəkəcək. Bu, ciddi əqli, emosional və sosial  fəsadlara səbəb olacaq. Psixiatriya 2014-cü ildə ən mühüm tibbi peşələrdən biri olacaq;

Avtomatik olaraq qida hazırlayan, suyu qızdıran və onu qəhvəyə çevirən, çörəyi qızardan və s. bu kimi işləri həyata keçirən mətbəx avadanlıqları ixtira ediləcək;

Kommunikasiya təsvir və səs ilə həyata keçiriləcək. Siz danışdığınız insanı nəinki eşidə, hətta görə biləcəksiniz. Ekrandan nəinki danışdığınız insanı görmək, həmçinin sənədlərin, şəkillərin öyrənilməsi və kitablardan hissələr oxumaq üçün istifadə etmək olacaq;

Avadanlıqların elektrik telləri mövcud olmayacaq. Bunun əvəzində texnikalar uzun müddətli batareyalar ilə elektrik cərəyanı toplayacaq.

Alimlər kosmosda nəhəng cihazlar vasitəsilə günəş enerjisi toplayan elektrostansiyalar yaradacaq;

Ay ilə əlaqə bir qədər çətinləşəcək və  əldə edilən məlumat 2,5 saniyə gecikəcək. Marsla da oxşar danışıqlar 3,5 dəqiqə gecikmə ilə həyata keçiriləcək;

2014-cü ilin yarmarkasında təsvirləri təbii ölçüləri ilə əks etdirən 3D televizorlar nümayiş etdiriləcək”.

Ayzek Azimovun ayrı-ayrı əsərlərində vurğulanan elmi proqnozların bugünədək yalnız 50 faizi reallaşıb. Alimlər yazıçının təxəyyülünün məhsulu olan ideyaların yaxın gələcəkdə mütləq öz təsdiqini tapacağına inanırlar. Məsələn, yazıçı bir romanında Marsa pilotsuz kosmik gəmilərin göndəriləcəyini, 2014-cü ildə ora astronavtlardan ibarət ekspedisiya hazırlanmasını  yazıb. Doğrudan da NASA belə bir ekspedisiya göndərməyi planlaşdırır, amma bu, 2030-cu ildən tez olmayacaq.

Azimovun süni qidanın meydana gələcəyi haqqındakı qeydi isə artıq reallaşıb - alimlər 2013-cü ildə süni ətdən ilk hamburger hazırlayıblar.

Aleksey Tolstoy  - Elmi fantastika janrında çox yazmasa da, cəmi bir əsərində - “Mühəndis Qarinin hiperboloidi” romanındakı elmi proqnozları onun bu sahəyə yaxşı bələd olmasına bir sübutdur.

Lazer şüaları haqqında ilk məlumata yazıçının adıçəkilən romanında rast gəlinib. Məhvedici yaşıl işığın köməyi ilə dünyanı fəth etmək istəyən Qarinin kəşfi bu gün tibb aləmində müvəffəqiyyətlə tətbiq edilir və əksər ciddi xəstəliklərin müalicəsində mühüm rol oynayır. Qeyd edək ki, lazer işığının imkanları əvvəlcə heyvanlar üzərində sınaqdan çıxarılıb. Aşkar olunub ki, yalnız göy və ya qırmızı işığın parametrlərini, tezliyini, həcmini, dalğalarının uzunluğunu dəyişməklə müalicə aparmaq mümkündür. Həkimlər sonradan müəyyən etdilər ki, işıqla müalicə soyuqdəymə və yaraların tez sağalmasına effektli təsir göstərir, immuniteti aktiv surətdə bərpa edir, sinir sistemini tənzimləyir.

Aleksandr Belyayev - 35 yaşında sağalmaz tuberkulyoz-plevrit xəstəliyinə tutulan və müharibə illərində aclıqdan dünyasını dəyişən Aleksandr Belyayev SSRİ-də bu janrın ən güclü nümayəndəsi hesab edilirdi. Yataq xəstəsi olandan sonra həyat yoldaşı “mən ərə getməmişəm ki, ölənəcən xəstə insana baxım”, deyərək onu tərk edir. Yazıçı bir müddət yaşlı anası və dayəsi ilə Yaltada yaşayır. Tibb, xarici dillər, tarix, texnika kimi elmləri öyrənir və Jül Vern, Herbert Uells və Konstantin Siolkovskinin əsərlərini oxuyur. 1923-cü ildən etibarən isə ciddi ədəbiyyatla məşğul olmağa başlayır. “Sovetin Jül Vern”i adlandırılan Belyayevə üzləşdiyi xəstəlik, əslində böyük yazıçı nüfuzu qazandırır.

Yazıçı xəstə olandan sonra insan psixikası və beynin funksiyaları, onların həyat, şüur, ruhla əlaqələrini öyrənmək istəyirdi, araşdırırdı. Beyin transplantasiyası, Anabioz və onun geniş tətbiqlərinin fəsadları,  gen mühəndisliyi kimi elmi-nəzəri məsələləri bədii mətnə gətirdi.  “Professor Douelin başı”, “Sifətini itirmiş insan”, “Yatmayan insan” və “Hoyti-Toyti” kimi əsərlərdə yuxarıdakı elmi-nəzəri məsələlər obrazların dili ilə oxuculara təqdim olunur.

O, öz əsərlərində gələcəkdə baş verəcək elmi nailiyyətlər haqqında geniş məlumatlar verib. “KES Ulduzu” əsərində müasir kosmik gəmilər haqqında ideyalar var. “Amfibiya adam” romanında isə transplantasiya haqqında təsəvvürlər yer alır. “Əbədi insan” əsərində biokimya və genetika elmlərinin uğurları haqqında danışılıb. “Ariel” romanı daha diqqətəlayiqdir. Çünki orada yerin cazibə qüvvəsinə qalib gələn insan haqqında söhbət gedir.