Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Hüquqi Tədqiqatlar Mərkəzi İctimai Birliyi ilə birgə hüquqi mövzuda maarifləndirici təlim keçirilib.
LDU-dan AzEdu.az-a bildirilib ki, “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı” mövzusunda keçirilən təlimi Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açıb, qonaqları təqdim edib və tədbirin mahiyyəti barədə qısa açıqlama verib.
Hüquqi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov bildirib ki, təlimin əsas məqsədi yaradıcı ziyalıları, mədəniyyət və incəsənət adamlarını, elm xadimlərini və digər intelektual mülkiyyət sahiblərini əqli mülkiyyət hüququ haqda məlumatlandırmaqla onların yaradıcılıq potensialını gücləndirmək, maddi-mənəvi təminatına kömək etmək, yaradıcılıq məhsullarını maddi və sosial vəziyyətin yüksəldilməsinə yönəltməkdir.
Təlimi Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin hüquqşünası Aydın Kərimov və Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev aparıb.
Təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, tədbirdə LDU-nun müəllimləri ilə yanaşı rayonun yaradıcı ziyalıları iştirak edib.