Daha bir gənc dövlət proqramı ilə nüfuzlu ali məktəbə qəbul olunub.
AzEdu.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu Nicat İsmayılzadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüd qazanmaqla Birləşmiş Krallığın London Universitet Kollecinin (University College London - UCL) Hüquq proqramının magistratura pilləsinə (General LL.M) qəbul olub. UCL QS World Ranking siyahısında 9-cu yerdədir.
Nicat İsmayılzadə 2019-cu ildə Bakı Dövlət Universitetinə 674.2 balla Prezident təqaüdçüsü olaraq qəbul olmuş, eyni zamanda “PAŞA Holdinq” tərəfindən təşkil edilən “Əlaçı” təqaüdünün 3000 müraciətçi arasından ilk qaliblərindən biri kimi seçilmişdir. Məzun olduğu dövrdə Nicat İsmayılzadə “Xarici Təhsilli Hüquqşünaslar Assosiasiyası” (“FELAS”) tərkibində müxtəlif layihələrdə akademik araşdırmaçı kimi iştirak etmiş, hazırda “Azərbaycan Beynəlxalq Bankı”nda hüquq məsləhətçisi olaraq çalışır.
Əldə etdiyi böyük uğur münasibətilə məzunumuzu təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq!