“Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün möhtəşəm yataqxana hazırlanır. Universitetə bu il ilk dəfə qəbul aparılacaq. Fikrimcə, bu il ora qəbul olacaq tələbələr çox şanslıdılar”.
Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) deyib.
Ekspert yataqxananın müasir standartlara cavab verən ümumi infrastruktura malik olacağının gözlənildiyini bildirib:
“Qarabağ Universitetinə bu il təxminən 1000 nəfərə yaxın tələbə qəbulu nəzərdə tutulur. Həmin tələbələrin də müvafiq olaraq yataqxana ilə təmin olunma məsələsi diqqətdədir. Eyni zamanda yataqxanada müasir standartlara cavab verən ümumi infrastrukturun olacağı gözlənilir. Qeyd edim ki, təkcə yataqxana deyil, gələcəkdə universitetin laboratoriya şəraiti də yaxşılaşdırılacaq. Ümumiyyətlə ali təhsil müəssisəsi üçün mövcud standartlardan nələr tələb olunursa, onların məhz Qarabağ Universitetində tətbiq olunması nəzərdə tutulur”.
Həmsöhbətimiz tələbələrin təkcə yataqxanada qalmaq şəraiti deyil, onların asudə vaxtlarının səmərəli keçirə bilmələri üçün də müəyyən imkanların yaradılmasının gözlənildiyini vurğulayıb:
“Bu da öz növbəsində bir neçə müddət sonra universitetin beynəlxalq reytinqlər siyahısına tədricən istiqamətlənməsinə gətirib çıxaracaq. Ümumilikdə tələbələrin təkcə yataqxanada qalmaq şəraiti deyil, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün də müəyyən imkanların yaradılması gözlənilir. Ümid edirəm ki, tələbələr üçün bu imkanlar mövcud olacaq. Nəticə etibarı ilə Qarabağ Universitetinə qəbul olan hər bir tələbə özünü Avropanın inkişaf etmiş universitetlərində təhsil alırmış kimi hiss etmiş olacaq”,- deyə ekspert bildirib.