Azedu.az

3 işdə çalışan “Fədakar müəllim”: “Avtomobil qəzasından sağ çıxmağım möcüzə oldu”

Rubrika

Məktəblər

Müəllimlər və elm adamları

20 Fevral 2025, 14:27
3 işdə çalışan “Fədakar müəllim”: “Avtomobil qəzasından sağ çıxmağım möcüzə oldu”

Sözsüz ki, bütün peşələr zəhmət tələb edir. Ancaq az insan günün böyük bir hissəsini sevdiyi peşə uğrunda fəda edir. Səhər evdən çıxıb uzaq məsafələrə gedən, bir neçə müəssisədə çalışıb, gecə evinə gələn müəllimlər də məhz bu fədakarlardandır. Hətta onların bir çoxunun başına bu yolda xoşagəlməz hadisələr də gəlir.

 

AzEdu.az-ın “Fədakar müəllim” rubrikasının budəfəki müsahibi “Örnək müəllim”, Çinarə Abuzərovadır.

 

Çinarə xanım Qobustanın Sündü kəndində yaşayır. O, hər gün Qobustan şəhər Elyar Vəliyev adına 2 nömrəli tam orta məktəbinə (lisey) Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmək üçün yola düşür. Müsahibimiz həftənin tək günləri Sündü kəndindən çıxıb, Təklə Mirzəbaba kəndinə gedir. Həmin məktəbdə 2-3 dərs keçdikdən sonra isə şəhər məktəbinə yollanır. Həmin məktəbdə də işi yekunlaşdıqdan sonra kursdakı işinə yollanır. Günün sonunda isə yenidən şəhər mərkəzindən Sündü kəndinə evinə gəlir.

 

Müsahibimiz bu yaxınlarda öz avtomobili ilə məktəbə gedərkən qəzaya düşüb...

 

Gəlin fədakar müsahibimizin özü və yaşadığı hadisə barədə daha yaxından məlumat əldə edək.

 

- Mən, Abuzərova Çinarə Mehman qızı. 8 illik pedaqoji təcrübəm var. Əsas iş yerim Qobustan rayon Təklə Mirzəbaba kənd tam orta məktəbidir. Həmin məktəbdə Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərirəm. İkinci iş yerim isə Elyar Vəliyev adına 2 nömrəli tam orta məktəbdir (lisey). Məktəblərdən əlavə Qobustanda hazırlıq mərkəzində də çalışıram. Ötən il sertifikasiya imtahanında iştirak edərək 60 baldan 57 bal toplamışam.  

155284

Qəza günü yol həm buzlu, həm də dumanlı idi. Bizim yollar labirint kimi qarışıqdır. Səhər 8-də kursa getmək üçün avtomobillə yola düşdüm. Bir tərəf uçurum, bir tərəf isə qayalıq idi. Gördüm ki, avtomobil sürüşür. Əyləci sıxanda idarəetməni itirdim. Əslində, buzda əyləci sıxmaq olmaz, sadəcə o an özümü itirdim, bilmədim nə edim. Ondan sonra maşın çevrildi. Avtomobilin ön şüşəsi qırıldığı üçün oradan birtəhər çıxdım. Əlimi üzümə tutduğum üçün şüşə qırıntıları saçıma tökülmüşdü, amma şükür ki, o qədər də ciddi əzik, sınıq və qırığım olmadı. Orada sağ qalmağım həqiqətən də möcüzə oldu. Artıq o qədər qorxmuşam ki, daha avtomobil idarə edə bilmərəm. İndi belə başqasının avtomobilinə əyləşməkdə çətinlik çəkirəm.

 

- Çinarə xanım, Allah köməyiniz olsun. Peşənizin yolunda az qala özünüzü fəda etmisiniz. Bəs işlədiyiniz məktəblərdə həftənin neçə günü dərsiniz olur?

 

- Mən, Qobustan rayon Sündü kəndində yaşayıram. Həftənin tək günləri həmin kənddən çıxıb, əsas iş yerimə - Təklə Mirzəbaba kənd məktəbinə gedirəm. Orada 3 saat dərs keçdikdən sonra Qobustan şəhər Elyar Vəliyev adına 2 nömrəli tam orta məktəbə (lisey) gəlirəm. Liseydə günortaya qədər dərsim olur. Həftənin cüt günləri isə evdən birbaşa şəhər məktəbinə gəlirəm. Dərslərim bitdikdən sonra bütün günlər kursa gedirəm.

155282

Əlavə olaraq liseydə həftənin iki günü günortadan sonra qalıb, təmannasız olaraq uşaqlarla məşğul oluram. Onları olimpiadalara hazırlayıram.

 

- İş qrafikiniz çox çətin deyil?

155285

- İş qrafikim çətindir. Səhər 8-də evdən çıxıb, axşam 8-9-un yarısı evə gəlirəm. Amma mənim məqsədim rayonda işləməkdir. Təklə Mirzəbaba kəndinə gedib-gəlmək həqiqətən çətin olur. İkinci iş yerimdə müqavilə ilə çalışdığım üçün daimiləşə bilmirəm. Ona görə də əsas iş yerimə ən az həftədə 3 dəfə gedirəm.

 

Yol çətin olsa da, mən işimi çox sevirəm, zövq alıram. Çoxları deyir ki, “Niyə bu qədər ağır iş rejimində işləyirsən? Hazırlıq keçmə”. Amma abituriyentlərlə məşğul olmaq da tamamilə fərqli bir hissdir. Onların nəticələrini gördükcə qürurlanıram. İstəmirəm şagirdlərimi əldən verim. Burada madiyyata yox, zövqə görə çalışıram.

 

- Bu qədər uzun məsafə qət edirsiniz. Bəs Sündü kənd məktəbində vakant yer yoxdur?

 

- Hələ ki, yoxdur. Nə zamansa vakant yer olsa, çox sevinərdim.

 

- Peşəmi sevirəm dediniz. Bəs ali məktəbə qəbul zamanı ixtisasınızı özünüz seçmişdiniz?

 

- Bəli, ən böyük arzum Azərbaycan dili də ədəbiyyat müəllimi olmaq idi. Atam həm rus, həm Azərbaycan dili müəllimi olub. Arzum idi ki, onun yolunu davam etdirim.

 

- Nə gözəl. Siz sertifikasiyada da yüksək nəticə göstərmisiniz. Onun üçün xüsusi olaraq hazırlaşa bilirdiniz?

 

- Sertifikasiya üçün elə də çox hazırlaşa bilməmişəm. Ancaq gecələr nələrsə oxuya bilirdim. Bir neçə müəllim tanışlarımı sertifikasiyaya hazırlaşdırırdım. Elə onlarla işləyə-işləyə özüm də mövzuları təkrarlamış oldum. 

 

- Günün yarıdan çoxunu işləyirsiniz. Bəs özünüzə vaxt ayıra bilirsiniz?

 

- Bəzi günlər günorta 1-2 saat boş vaxtım olur. Onda dincələ bilirəm.

 

- Çinarə xanım, şagirdlərlə münasibətləriniz necədir?

155283

- Şagirdlərlə təkcə müəllim-şagird münasibəti yaşamıram. Onlarla sözün əsl mənasında aramızda doğmalıq var. Bu 8 il ərzində 1 dəfə də onlardan hörmətsizlik görməmişəm.

 

Dekabr ayında doğum günüm idi. Şagirdlər həmin gün üçün o qədər hazırlıqlar etmişdilər ki... Məktublar, çiçəklər... Çox xoşbəxt oldum. Bir daha anladım ki, onlara verdiyim zəhmətim itməyib.

 

Nə gözəl. İndi işə nə ilə gedib-gəlirsiniz?

 

- Yoldaşım əsas iş yerimə özü aparır. Sonra isə taksi ilə rayonun mərkəzindəki məktəbə gedirəm. Hər iki məktəbdə də dərslərim yekunlaşdıqdan sonra kursa və evə yenə yoldaşım aparır.

 

Mən avtomobili də ona görə almışdım ki, özüm öz başımın çarəsinə baxa bilim. İşə onunla gedirdim. Sadəcə yoldaşım da hər dəfə işdən çıxa bilmədiyi üçün çətinlik çəkirəm.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox