AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Pərvinə Əfəndi Türkiyənin Kayseri şəhərində keçirilən Beynəlxalq Qadın Araşdırmaları Konfransında iştirak edib.
İnstitutdan AzEdu.az-a bildirilib ki, şərqşünas-alim konfransda “Misir maarifçisi Rifaa Rafi ət-Təhtavinin (1801-1803)” ənənəvi baxışlarında ərəb intibahı dövründə qadın azadlığı” mövzusunda məruzə edib. P.Əfəndi misirli mütəfəkkir Rifaa Rafi ət-Təhtavinin ictimai fəaliyyətindən bəhs edib. Onun qadınlara istər ailədə, istərsə də cəmiyyətdə qoyulan məhdudiyyətlər və təhsildən məhrum edilmələri və bunların təkcə qadınların özünə deyil, həm də bütün cəmiyyətə zərər gətirməsi barədə baxışlarından danışıb. Bundan əlavə, ət-Təhtavinin Avropa nümunəsində ümumi təhsillə bağlı ideyalarının digər ərəb və qeyri-müsəlman ölkələrinin mütəfəkkirlərinə böyük təsirini qeyd edib.