Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb.
AzEdu.az xəbər verir ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
19:23
Gəncədə məktəb direktoru işdən çıxarılıb.
AzEdu.az xəbər verir ki, İsmət Qayıbov adına 1 nömrəli Tam Orta Məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.
O, ötən ilin mart ayında sözügedən məktəbə direktor təyin edilib. Gülbəniz Bayramova Gəncə Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını bitirib, 2004-cü ildən Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseydə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edib.
Ötən ilin oktyabr ayında sözügedən orta məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddialar yayılıb. Yayılan səsyazısında iddia edilir ki, məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığılır: "Təhsil idarəsinin adından övladımın çantasına məcburi şəkildə yeddi manatlıq sınaq bileti qoyublar".
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, səsyazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib.
"Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - açıqlamada deyilir.