İranın bəzi vilayətlərində qum fırtınası və havanın çirklənməsi səbəbindən dövlət idarələri, banklar və təhsil müəssisələri bağlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, qum fırtınaları və havanın çirklənməsi ölkənin cənub-qərb hissəsindəki bəzi vilayətlərdə həyata mənfi təsir edib. Havada tozun çox olması və bunun nəticəsində havanın çirklənməsi səbəbindən atom elektrik stansiyalarının yerləşdiyi Lorestan, Kermanşah, Kohqiluye-Buyer Əhməd və Buşehr əyalətlərində bütün səviyyələrdə rəsmi ofislər, banklar və təhsil müəssisələri bağlanıb.
Bildirilib ki, bu vilayətlərdə dərslər onlayn formada davam edəcək.
İraq və Körfəz ölkələri ilə həmsərhəd olan Xuzistan vilayətində isə qum fırtınası səbəbi ilə uçuşlarda fasilələrin olduğu, Əhvaz şəhərində 3 reysin təxirə salındığı qeyd olunub. Əlverişsiz hava şəraiti ilə əlaqədar 8 reysin növbəti xəbərdarlığa qədər təxirə salındığı vurğulanıb.
Qeyd edilib ki, Tehran da daxil olmaqla 22 vilayətdə tufan və güclü yağış gözlənilir.
Çirkli hava səbəbindən Zəncan və Həmədan vilayətlərində də məktəblər tətil elan edib.
Qeyd edək ki, Küveyt, Qətər, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla Körfəz ölkələrində güclü qum fırtınası müşahidə olunur. İraqda qum fırtınası 3000-ə yaxın insanda tənəffüslə bağlı problemlərə yol açıb.