Azedu.az

700 balın sirri - Şəbnəm imtahanda uğur qazanmağın yollarından DANIŞDI

Məktəblər

İmtahanlar

Universitetlər

6 Mart 2025, 11:03
700 balın sirri - Şəbnəm imtahanda uğur qazanmağın yollarından DANIŞDI

Ötən il həm buraxılış, həm də qəbul imtahanından 2 nəfər maksimum nəticəni əldə edib. Onlardan biri də Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu, ADA Universitetinin I kurs maliyyə ixtisası üzrə təhsil alan Şəbnəm Novruzovadır.

 

AzEdu buraxılış imtahanı öncəsi Şəbnəm Novruzova ilə əlaqə saxlayıb.

 

O, imtahanla bağlı abituriyentlərə bir neçə tövsiyə verib.

 

Həm buraxılış, həm də qəbul imtahanında ən yüksək nəticəni əldə etmək mənim üçün asan olmadığını deyən Şəbnəm düzgün planlaşdırma və sistemli yanaşma ilə bunu bacardığını dilə gətirib:

 

“İmtahana hazırlıq zamanı hər bir fənni diqqətlə öyrənir, nəzəri biliklərimi test üzərində tətbiq edərək mövzuları daha yaxşı mənimsəyirdim. Vaxtımı balanslı şəkildə bölüşdürməyə çalışsam da, zəif olduğum mövzulara daha çox diqqət yetirirdim. Həftə sonları keçdiyim mövzuları təkrarlayır, sınaq imtahanlarında iştirak edərək özümü imtahan mühitinə uygunlaşdırmağa çalışırdım. İmtahana yaxın günlərdə diqqətimi əsas mövzulara cəmləmişdim və tez-tez rast gəlinən sual tiplərini nəzərdən keçirmişdim.

 

Belə bir həyəcanlı dönəmdə gələcək məqsədlərim və planlarım mənə daha çox çalışmağa stimul verirdi. Motivasiyamı yüksək saxlamaq üçün özümə bütün öhdəliklərimi yerinə yetirdiyimi və artıq hazır olduğumu xatırladırdım. Buraxılış imtahanına hər kəs kimi ingilis dilindən dinləmə suallarını cavablandırmağa başladım. Dinləmə suallarını əminliklə cavabladıqdan sonra mətn və qrammatika bölmələrini tamamladım”.

 

Həmsöhbətimiz qeyd edib ki, yüksək bal toplamağın sirri sistemli hazırlıq, vaxtın düzgün idarə edilməsi və psixoloji hazırlıqdan ibarətdir:

 

“Mövzuları ardıcıl şəkildə öyrənmək, testlər üzərində işləmək və həyəcanı idarə etməyi bacarmaq uğur üçün vacibdir.İmtahan zamanı fənlər içərisində mənim üçün nisbətən çətini azərbaycan dili oldu, çünki mətnlə bağlı suallar müəyyən vaxt və yüksək diqqət tələb edirdi. İmtahana son günlər qalmış sağlam qidalanmağa çalışır, yuxu rejimimə xüsusi diqqət edirdim.

 

Son olaraq bu bazar imtahan verəcək abituriyentlər üçün tovsiyəm özünə inamlı olmaq və həyəcanı düzgün idarə etməkdir. İmtahanın yalnızca bir mərhələ oldugunu unutmasınlar və əldə etdikləri bilikləri ən yaxşı şəkildə göstərməyə çalışsınlar.Abituriyentlərə uğurlar arzu edirəm və inanıram ki, hər biri əla nəticə əldə edəcək”,- deyə fikrini tamamlayıb.

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox