“Dünya təcrübəsinə baxaraq bəzi hallarda motivasiya məktub əsasında qəbul sistemi keçərli olmalıdır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.
Professorun sözlərinə görə, Avropa ölkələrinin bəzilərində mərkəzi imtahan sistemi mövcuddur, digərlərində isə orta məktəb göstəriciləri əsas götürülür:
"Dünya təcrübəsinə baxaraq, bəzi hallarda motivasiya məktubu əsasında qəbul sisteminin tətbiqi mümkün olmalıdır. Məsələn, Almaniyada bəzi sahələr üzrə yüksək nəticələr tələb edilsə də, ümumi imtahan tələbi yoxdur. Əgər biz repetitorluq sisteminin fəaliyyətindən narazıyıqsa və bununla bağlı daim müzakirələr aparırıqsa, onda bu sistemi ləğv etməliyik. Bu qədər imtahanlara ehtiyac yoxdur".
Zahid Məmmədov əlavə edib ki, son dövrlərdə dünya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı artıb:
"Azərbaycan təhsil sistemi heç də digər ölkələrin təhsil sistemindən geri qalmır. O zaman nəyə görə gənclər xaricdə təhsilə üstünlük verirlər? Səbəb insanların övladlarını daha rahat şəraitdə oxutmaq istəməsidir. İmtahan vermədən, əziyyət çəkmədən təhsil almaq üçün gənclər xaricə üz tuturlar. Lakin bu diplomlar ölkəmizdə əmək bazarına daxil olmaq üçün yenidən imtahan tələbi ilə qarşılaşır. O zaman sual yaranır: İnsanlar həyatları boyu neçə dəfə imtahan verməlidirlər? Əgər bir şəxs nüfuzlu universitetdən məzun olubsa, biz niyə öz verdiyimiz diplomlara inanmırıq?".
Professor qeyd edib ki, bütün uşaqların inkişafına dəstək olmaq vacibdir:
"İnsanlar arasında ən önəmli məqam inamdır. Əgər verilən imtahanların nəticələri yenidən başqa imtahanlara yönləndirilirsə, bu prosesin mənası nədir? Məktəbdə imtahan, universitetdə imtahan, işə qəbulda imtahan... Bu qədər imtahan nə üçündür? Buna görə də uşaqların sağlamlığını və məktəblərin nüfuzunu qorumaq üçün vacib addımlar atmalıyıq. Zəif uşaq yoxdur, zəif yetişdirən var. Bütün uşaqların inkişafına dəstək olmaq lazımdır. Cəmiyyətdə nə qədər bacarıqlı və qabiliyyətli şagird yetişərsə, bu, bir o qədər ölkənin inkişafına töhfə verər".