18 yaşına çatmamış, yəni yetkinlik yaşında olmayan şəxsin başqa birisinə ilkin tibbi yardım göstərməsi bir qədər əlverişsiz hesab olunur.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.
Müsahibimiz qeyd edib ki, azyaşlı şəxslər başqa birinə ilkin tibbi yardım göstərməkdə acizdir:
“Tibbi biliklər əslində əsasən ali təhsil müəssisələrində, xüsusilə də birinci kurslarda, yəni ilkin kurslarda tələbələrə öyrədilir. Orta ümumi təhsil məktəbində tibbi biliklərlə bağlı hər hansı bir tədris prosesi yoxdur. Bunun səbəbi də odur ki, azyaşlı başqa birisinə ilkin tibbi yardım göstərməkdə acizdir.
Bəli, bəlkə də yuxarı siniflərdə buna ehtiyac ola bilər. Amma hesab edirəm ki, orta ümumi təhsil məktəbində kifayət qədər müəllim və yaxud da lazım olan tibbi işçi var. Ona görə də düşünürəm ki, bu məqsədlə orta ümumi təhsil məktəblərində tibbi biliklərin əsasları və yaxud tibbi yardımla bağlı hər hansı bir ixtisas və ya fənn tədris proqramına əlavə olunmayıb.
Əlavə olunmamasının da əsas səbəbi odur ki, ümumiyyətlə 18 yaşına çatmamış, yəni yetkinlik yaşında olmayan şəxsin başqa birisinə ilkin tibbi yardım göstərməsi bir qədər əlverişsiz hesab olunur. Amma 18 yaşdan sonra artıq müəyyən tibbi yardımın göstərilməsi, ilkin tibbi yardım kimi dəstək olunması müəyyən mənada mümkün ola bilər. Məsələn, buna görə də ali təhsil müəssisələrində ilkin tibbi yardımla bağlı "Tibbi biliklərin əsasları" adlı ixtisas tədris olunur”.
Ekspert orta ümumi təhsil məktəblərində tibbi yardım biliklərinin tədrisinə ehtiyac duyulmadığını qeyd edib:
“Orta ümumi təhsil məktəbində tibbi biliklərin ayrıca fənn kimi tədrisinə ehtiyac varmı? Məncə, əgər məktəbdə şagird sayına uyğun olaraq bir və ya iki tibb işçisi çalışırsa və onlar mütəmadi şəkildə fəaliyyət göstərirlərsə, buna ehtiyac qalmır. Çünki məktəblilərin başqasına tibbi yardım göstərmək kimi bir öhdəliyi yoxdur.
Həm azyaşlıdırlar, həm də belə tibbi biliklərin keçirilməsini o qədər də məqsədəuyğun hesab etmirəm. Yuxarı siniflərdə ola bilər, bəlkə də 10-11-ci siniflərdə mümkündür. Yəni, bu sahə üzrə hər hansı bir orta ümumi təhsil müəssisəsində tibb ixtisası mövcuddursa, həmin tibb işçisi bunu əlavə məşğələ kimi birbaşa proqrama salınmadan, dərs şəklində yox, şagirdlərə müəyyən məlumatlar verməklə həyata keçirə bilər.
Ümumilikdə isə düşünürəm ki, orta ümumi təhsil məktəbində şagirdlərin tibbi yardım göstərəcək iqtidarda olmadığını və buna ehtiyac duyulmadığını nəzərə almaq lazımdır”.