Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbi fəaliyyətə başlayıb
AzEdu.az xəbər verir ki, 01 dekabr 2025-ci il tarixində Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.
Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin fəaliyyətə başlaması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib. O, işğaldan azad olunmuş ərazilərdə tədris prosesinin qısa müddətdə bərpasının ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb, həmçinin cari tədris ilində qarşıda duran vəzifələr barədə danışıb.
Tədbirdə məktəbin direktoru Zamiq Həmzəyev də çıxış edərək kollektivə uğurlar arzulayıb, məktəbdə yaradılan şərait və qarşıya qoyulan təhsil hədəfləri haqqında məlumat verib.
Digər qonaqlar da çıxış edərək sevinclərini ifadə edib və məktəbin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi dəyərləndiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Daha sonra iştirakçılar yeni tikilmiş məktəbdə yaradılan şərait və tədris prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, cari tədris ilində Horovlu kənd tam orta ümumtəhsil məktəbində 103 şagirddən ibarət 11 sinif formalaşdırılıb və 17 müəllim tədris aparacaq.