Artıq universitetlərdə qış semestri yaxınlaşır və bu dövrdə sərbəst işlər gündəmə gəlir. Sərbəst işlərin necə təqdim olunmasına isə müəllimin özü qərar verir. Baxmayaraq ki, təhsildə yeniliklər tətbiq olunur, bəzi müəllimlər hələ də 50-60 səhifə və daha çox həcmli əl yazısı şəklində sərbəst iş tələb edirlər.
Bu halda sual yaranır: sərbəst iş nəyə lazımdır və onun əhəmiyyəti nədir?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb.
O, qeyd edib ki, sərbəst iş tələbənin oxuduğu semestr ərzindəki fəaliyyətini araşdırmaq və yeni təcrübi nəticələr ortaya çıxarmaq üçündür:
"Artıq sosial şəbəkələrdə nəinki sərbəst işlərlə bağlı, hətta diplom işi, doktorantura, magistr müdafiəsi ilə bağlı xüsusi şəbəkələr formalaşıb və çox təəssüf ki, bu şəbəkələr bunu açıq şəkildə təbliğ edirlər. Amma heç bir dövlət qurumu bununla maraqlanmır ki, məsələn, magistr dərəcəsi almaq üçün tələb olunan müdafiəyə ehtiyac qalmır artıq həmin şəbəkələr işi hazırlayıb təqdim edirlər. Bəzən doktoranturanın sənədlərini də onlar hazırlayır və müdafiə gününə qədər “müşayiət” edirlər ki, necə danışmaq, necə təqdim etmək lazımdır. Demək istədiyim odur ki, nəinki sərbəst işlərlə bağlı, ondan daha ciddi işlər belə artıq müəyyən şəbəkələrin əlindədir. Onlar müəyyən pul qarşılığında bu işləri görürlər".
60 səhifəlik əl yazısı nəyi həll edəcək?
"Sərbəst iş tələbənin oxuduğu semestr ərzindəki fəaliyyətini araşdırmaq və yeni təcrübi nəticələr ortaya çıxarmaq üçündür. Amma 50-60 səhifəlik əl yazısı şəklində iş tələbinin bu gün müasir dövrdə, Boloniya sistemində olduğumuz bir vaxtda qüvvədə qalması düşünürəm ki, yalnız müəyyən bürokratiyadan xəbər verir. Əgər tələbə həmin müddət ərzində hazırlıqlı olubsa, müəllimin verdiyi suallara cavab verə bilirsə, əlavə olaraq internet və dünya təcrübəsindən yararlana bilirsə, o halda 60 səhifəlik əl yazısı nəyi həll edəcək?
Bunun əvəzinə universitet öz maddi-texniki bazasını araşdırıb gücləndirsin, tələbələrə şərait yaratsın ki, araşdırma işi aparsınlar və dörd il ərzində ixtisasları ilə bağlı heç olmasa bir ciddi tədqiqat nəticəsi təqdim edə bilsinlər. Yəni ilk növbədə o şəbəkələrə son qoymaq lazımdır ki, semestr ərəfəsində sərbəst iş yazanlar, magistr müdafiəsi hazırlayanlar, doktorantura üçün sənəd və işlər hazırlayanlar fəaliyyət göstərməsin. Bütün bunları aydınlaşdırmaq və qarşısını almaq lazımdır".