AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, Əli Əmirhüseyn oğlu Kərimov 28 aprel 1965-ci ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olub. Əli Kərimli 1972-ci ildə Saatlı rayonunun Azadkənd orta məktəbinə daxil olmuş və 1982-ci ildə həmin təhsil müəssisəsini bitirib. 1986-cı ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş və 1991-ci ildə həmin fakültəni bitirib. 1983–1985-ci illərdə Rusiya SFSR, Buryatiya MSSR-də həqiqi hərbi xidmətdə olub.
Birinci Qarabağ müharibəsində Azərbaycan Respublikası torpaqlarının erməni işğalından müdafiəsi üçün 1989-cu ildə könüllü müdafiə dəstələrinin komandiri kimi Qubadlı-Laçın cəbhəsində Qazıdərə, Cicimli və Aşağı Cicimli kəndlərinin müdafiəsini təşkil edib.
Əli Kərimli 1991-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra orada bir müddət hüquq üzrə müəllim işləmiş və bu dövrdə Azadlıq qəzetinin parlament müxbiri olub.1987-ci ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetində Hüquq fakültəsi II kursda oxuyarkən Komsomol katibi olub. Həmin ildə yaradılan Yurd İctimai Birliyinin yaradıcılarından biri olub.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.