Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin sosial siyasətinin icrasında aparıcı qurumlardan biridir və bu qurumda qəbul edilən qərarların effektivliyi birbaşa rəhbər heyətin peşəkarlığından asılıdır.
Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri və akademik hazırlığı onların sosial sahədə həyata keçirdikləri islahatların mahiyyətini düzgün dəyərləndirməyə imkan verir.
AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.
Bu yazıda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müavinləri - Vüsal Nəsirli, Hidayət Abdullayev, Anar Bayramov və Rəşad Musafayevin təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.

Vüsal Zakir oğlu Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.
2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.
2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Hidayət Kafiz oğlu Abdullayev 1979-cu ildə Gəncə şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin Beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsini alıb.
1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru, 2008-ci ildən sığorta və bank sistemində, eləcə də bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarəolunması sahələrində çalışıb.
2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.
2018-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, 2018-ci ilin dekabr ayından hazırkı vəzifəsinə qədər Nazirliyin Aparatının rəhbəri olub.

Anar Məhərrəm oğlu Bayramov 1975-ci ildə anadan olub.
Azərbaycan Tibb Universitetində təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla bitirib, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.
1998-ci ildən “MediClub” klinikasında həkim, 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti, baş direktorun müavini, baş direktoru, Şirkətin İdarə Heyətinin sədri, 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifələrində çalışıb.
Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.
2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017 illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) Prezidenti, 2017-2020 illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub. 2021-ci ildən “A-Group” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü, 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin Prezidenti, 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş məclisin üzvü olaraq ictimai vəzifərdə çalışır.
20-dən artıq məqalə və 2 səmərələşdirici təklifin müəllifidir.

Rəşad Əzizağa oğlu Musafayev 1978-ci ildə anadan olub.
Avropanın nüfuzlu universitetlərindən biri olan Instituto de Empreza (IE) Biznes məktəbinin məzunudur.
Bundan öncə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin bakalavr pilləsini fərqlənmə ilə bitirib. Həmçinin, Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müvafiq olaraq bakalavr və magistr təhsilini başa vurub.
2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq departamentində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb. Həmin dövrdə, sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı islahat, biznes mühitinin yaxşılaşdırılması, korrupsiya hallarının qarşısının alınması və bu tədbirlərlə bağlı müvafiq qanunvericilik aktların hazırlanmasında iştirak edib.
2015-2023-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini vəzifəsində çalışıb. Bu dövrdə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin tikintisi, maliyyələşdirilməsi və başa çatdırılmasında iştirak edib.
2023-2025-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru vəzifəsində çalışıb. Həmin dövrdə, beynəlxlaq məsləhətçi şirkətlə birlikdə neftlə çirklənmiş ərazilərin bərpası strategiyasının hazırlanmasında, onun maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutları ilə danışıqların başlanmasında, həmçinin şirkətin biznes strategiyasının hazırlanması və implementasiyasında iştirak edib.
Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində Beynəlxalq IEMA proqramında iştirak edir. Bir sıra xarici ölkələrdə müxtəlif təlim, seminar və kursların iştirakçısı olub, eləcə də, ölkədə keçirilmiş bir sıra beynəlxalq tədbirlərin təşkilati işlərində iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 aprel tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib.
İngilis, rus dillərini bilir.