Azedu.az

Ali təhsildə qiymətləndirmə sistemi tamamilə dəyişəcək - PROQNOZ

Xəbərlər

26 Noyabr 2025, 14:48
Ali təhsildə qiymətləndirmə sistemi tamamilə dəyişəcək - PROQNOZ

Ali təhsil seqmenti hələ də inkişaf etməkdə olan və dünyanın prioritet tələblərindən geri qalan yerli universitetlərimizdə təəssüf ki, qiymətləndirmə meyarları hələ də “oxu, əzbərlə, cavab ver” prinsipi əsasında aparılır.

AzEdu.az-a bu fikirləri STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib.

173173

O qeyd edib ki, biz və tədris prosesində iştirak edən hər kəs kitabları “yüklənmə” elementi kimi deyil, inkişaf etdirən mexanizm kimi dəyərləndirməlidir:

“Doğrusu, çağdaş dünyanın ali təhsil mənzərəsi artıq tələbələrin çətin dərslik, ağır dərs yükü kimi problemlərini, hətta bu mövzuların müzakirəsini belə ciddi hesab etməməlidir. Dünya ali təhsili "kitabları oxu, qiymət al" mərhələsindən sürətlə uzaqlaşır. Əmin ola bilərsiniz ki, ali təhsildə qiymətləndirmə prosesi yaxın gələcəkdə tamamilə dəyişəcək və yeni formata keçəcək. Hazırda müasir ali təhsil trendləri qiymətləndirmələrə fərqli müstəvidən yanaşır.

Modern tələbə artıq ağır kitablardakı qəliz mətnləri əzbərləməklə deyil, laboratoriyada, elmi mərkəzdə, tədqiqat obyektində apardığı işin müsbət nəticəsinə, yenilikçiliyinə, faydalılığına və orijinallığına görə qiymətləndirilməlidir. Beynəlxalq təcrübədə bu yanaşma sürətlə yayılmaqdadır. Lakin inkişaf etməkdə olan və dünya standartlarından geri qalan yerli universitetlərimizdə qiymətləndirmə meyarları hələ də “oxu, əzbərlə, cavab ver” prinsipi üzərindən həyata keçirilir”.

Ali məktəb dərsliklərinə münasibət dəyişməzsə, tələbələr bir neçə səhifəlik dərslərdən belə yorulmağa davam edəcəklər:

“Bu ənənə artıq geridə qalmalıdır. Demirəm ki, tədrisə aid dərsliklər, yardımçı vəsaitlər olmasın – xeyr, bunlar olmadan mümkün deyil. Amma kitabları əldə etmək, kitabxanaya gedib oxumaq və ya onlayn şəkildə mütaliə etmək tələbənin şəxsi istəyinə bağlı olmalıdır. Universitet mühiti ilk növbədə qiymətləndirmələrdə bu yanaşmanı dəyişməlidir. Kitablar və müxtəlif sahələrə aid vəsaitlər yalnız imtahandan keçmək üçün trampolin rolunu oynamamalıdır.

Məsələn, mühəndislik ixtisası üzrə təhsil alan tələbənin əlindəki kitab onun yalnız imtahana hazırlaşması üçün yox, bütün karyerası boyu iş masasının üzərində olması üçün nəzərdə tutulmalıdır. Biz tədris prosesində kitabları “yüklənmə” elementi kimi deyil, inkişaf etdirən mexanizm kimi görməliyik. Dərsliklərə yanaşma dəyişdikdə tələbə ağır dərslərin əzbərlənməsindən deyil, karyerasına fayda verəcək biliklərlə zənginləşməsindən danışacaq. Əks halda, ali məktəb dərsliklərinə münasibət dəyişməzsə, bir neçə səhifədən ibarət dərslər belə tələbəni yoracaq”.

Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ -Onu belə müdafiə etdi
Son xəbərlərDaha çox