Azedu.az

Şirvan-Salyan RTİ-də eksternat imtahanlara sənəd qəbulu başlayır

Xəbərlər

25 Noyabr 2025, 12:58
Şirvan-Salyan RTİ-də eksternat imtahanlara sənəd qəbulu başlayır

Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 26 noyabr 2025-ci il tarixdən 17 dekabr 2025-ci il saat 18:00-dək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi (attestat) almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə ümumtəhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən (ümumi orta təhsil haqqında sənəd almaq üçün müraciət edənlərin 16 yaşı, tam orta təhsil haqqında sənəd almaq üçün müraciət edənlərin 18 yaşı 2025-ci il 31 dekabradək tamam olan ) şəxslər iştirak edə bilərlər.

İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri yaşadıqları rayon üzrə təhsil sektorlarına yaxınlaşaraq təqdim edə bilərlər:

1. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdirinin adına ünvanlanmış ərizə (ərizədə faktiki yaşadığı ünvan və əlaqə nömrəsi, hansı bölmə üzrə imtahan verəcəyini, yəni Azərbaycan və ya rus bölməsi üzrə, həmçinin imtahan verərkən fənn olaraq əsas xarici dil qeyd edilməlidir);

2. Şəxsiyyət vəsiqəsinin notarius tərəfindən təsdiq olunmuş surəti;

3. Yaşayış yerindən arayış;

4. Fotoşəkil (3x4 ölçüdə - 2 ədəd);

5. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notarius tərəfindən təsdiq olunmuş surəti;

6. Ümumi orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (9-cu sinif üzrə) müraciət edildiyi halda əvvəllər təhsil aldığınız müəssisədən hansı tədris ilində bitirdiyiniz sinfi göstərilməklə arayış.

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət olan (Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, musiqi, təsviri incəsənət fənləri istisna olmaqla) aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.

Aralıq imtahanında uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar.

Əlavə sualı olan vətəndaşlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin ("146-0-9") əlaqə nömrəsinə zəng etməklə məlumat ala bilərlər.

Bildirilib ki, aralıq imtahanının keçirilmə yeri və tarixi barədə məlumat veriləcək.

Ermənini qucaqlayan SÖYÜLÜR, FAHİŞƏLİYƏ qadağa- Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox