Azedu.az

Məktəblilər üçün yenilik: Xarici dilini rahat öyrənəcəklər

Xəbərlər

25 Noyabr 2025, 12:38
Məktəblilər üçün yenilik: Xarici dilini rahat öyrənəcəklər

bp Azərbaycanda rəqəmsal təhsil imkanlarının artırılmasına yönəlmiş sosial investisiya layihəsinin ikinci mərhələsini tamamlayıb. 
 

Noyabrın 24-də keçirilən təqdimat mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə iştirak edib. 
 

Bildirilib ki, layihə LANDAU Educational Technologies MMC ilə əməkdaşlıqda həyata keçirilib. Layihədə əsas məqsəd 9 və 11-ci sinif ingilis dili buraxılış imtahanlarına hazırlaşan şagird və müəllimləri dəstəkləmək olsa da, təqdim olunan yüksək keyfiyyətli və əlçatan rəqəmsal məzmun 5–11-ci siniflərin bütün şagirdlərinin istifadəsi üçün uyğundur. 
 
Layihənin yeni mərhələsi 60 saatlıq dərs müddətinə uyğun 350 tədris videosu, imtahana hazırlıq üçün 14000 sualdan ibarət sual bankı, imtahan şəraitini simulyasiya etmək üçün 70 test toplusu, tədris prosesində müəllimlərə kömək məqsədi ilə hazırlanmış təqdimatlar və iş vərəqləri, həmçinin müəllimlərin ev tapşırıqları verməsinə və şagirdlərin irəliləyişini izləməsinə imkan verən rəqəmsal platforma kimi geniş əhatəli materiallar təqdim edir. Ölkə üzrə 500 müəllimin və 10000 şagirdin layihədən bəhrələnəcəyi gözlənilir.
 
Təqdimat mərasimində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu layihə təkcə şagirdləri ingilis dili imtahanlarında uğur qazanmaq üçün onlara lazım olan vasitələrlə təmin etmir, o həm də müəllimlərə müasir dərs resursları təqdim etməklə onların rolunu gücləndirir. Azərbaycan məktəbləri üçün məzmun hazırlanmasına sərmayə qoymaqla biz ölkənin təhsil potensialının artırılmasına və keyfiyyətli təhsilin hər bir şagird üçün əlçatan olmasına töhfə vermək istəyirik. Azərbaycanda təhsilin inkişafını innovativ rəqəmsal resurslar və həllər vasitəsilə dəstəkləməyə davam etməkdən çox məmnunuq.
 

Çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib ki, bir çox ölkələr kimi Azərbaycan da ingilis dilini əsas xarici dil kimi ümumi təhsil müəssisələrində tədris edir və təxminən 98–99% məktəbdə ingilis dili əsas xarici dil kimi tədris olunmaqdadır.
 

Nazir müavini qeyd edib ki, ingilis dili ilə bağlı keyfiyyət sahəsində irəliləyişlər var, lakin bu, hələ kifayət deyil. Qarşıdakı dövrdə əsas diqqət keyfiyyətin artırılmasına yönəlməlidir. Keyfiyyətdən danışanda bir neçə əsas istiqamət var. Birinci istiqamət, şübhəsiz ki, müəllim hazırlığıdır. İkinci istiqamət təhsilin məzmunu və tədris materiallarıdır. Bu baxımdan bu gün burada təqdim olunan rəqəmsal, yeni standartlı platformalar böyük əhəmiyyət kəsb edir. Üçüncü istiqamət isə ölkələrarası mübadilələr, ali təhsildə ingilisdilli proqramların və ingilis dilində tədris olunan ixtisasların genişləndirilməsidir. 
 

Kənan Kərimzadə vurğulayıb ki, son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər, videoresurslar, indi “Rəqəmsal məktəb” platforması hazırlanıb. Bu platformalarda ümumilikdə on minlərlə ingilis dilində məzmun yaradılıb. Vacib elementlərdən biri də dərsliklərin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. 
 

Nazir müavini əlavə edib ki, başqa bir vacib nüans müəllim hazırlığının keyfiyyətinin artırılmasıdır. Son iki ildə Elm və Təhsil Nazirliyi tərəfindən təxminən 10 400 xarici dil müəllimi sertifikatlaşdırmadan keçirilib və sevindirici haldır ki, bu müəllimlərin 86%-i imtahanlardan yüksək nəticə əldə edib. 
 
Qeyd edək ki, sözügedən layihənin nəticəsi olaraq hazırlanmış bütün materiallar ümumi istifadəyə açıqdır və ənənəvi tədris kontentini tamamlamaq məqsədi daşıyır. Bu materiallar yerindən və şəraitindən asılı olmayaraq bütün şagirdlərə çevik və inklüziv öyrənmə imkanları yaradır. Yeni məzmun bütövlükdə www.aspirelearning.app. vebsaytında yerləşdirilib.

 

1 / 11

Ermənini qucaqlayan SÖYÜLÜR, FAHİŞƏLİYƏ qadağa- Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox