Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-25 10:15:24
Bu idmançılarımız universitetlərə imtahansız daxil ola bilərlər - RƏSMİ  

Dünyanın bir sıra ölkələrində idman üzrə beynəlxalq yarışların qaliblərinə ali məktəbə qəbul şərtlərində müəyyən güzəştlər nəzərdə tutulur. Bu addım onların ali təhsil sahəsində də uğur qazanmaları məqsədilə atılır.

Bəs, Azərbaycanda təsdiq olunan hazırki qəbul qaydalarında beynəlxalq dərəcəli idman yarışlarının qaliblərinə belə güzəştlər tətbiq olunurmu?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Ancaq, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, incəsənət sahəsi üzrə yüksəksəviyyəli beynəlxalq müsabiqələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə, idman sahəsi üzrə beynəlxalq yarışların siyahısı isə Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 159 nömrəli qərarı ilə təsdiq edilib.

Sonuncu qərara əsasən, yalnız Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri müvafiq ixtisas üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına malikdirlər.

Xatırladaq ki, fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının (I-IV ixtisas qrupları üzrə) keçirilməsi nəzərdə tutulur.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq. Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında təşkil olunacaq.

Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı fevralın 17-də keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları