Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-29 06:08:21
Azərbaycan İlahiyyat İnstitutunda təhsil necə olacaq? - Dini Komitədən AÇIQLAMA

Azərbaycanın ali təhsil müəssisələrində “İslamşünaslıq” ixtisası yaradılıb. Belə ki,  Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, təsnifatın “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə “İslamşümaslıq” ixtisası əlavə edilib. İndiyə qədər isə yalnız “Dinşünaslıq” ixtisası tədris olunub.

Nazirlər Kabineti bu dəyişikliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq edib.

Bəs yeni ixtisasın hansı özəllikləri olacaq?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi AzEDU.az-ın sorğusuna cavab olaraq bildirib ki, belə bir ixtisasa ciddi ehtiyac var.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09 fevral 2018-ci il tarixli, 3654 nömrəli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.

Hazırda həmin sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində işlər görülür. Belə ki, araşdırmaların və mövcud dini durumun təhlilinin nəticələri təsdiqləyir ki, ölkəmizdə İslam təmayüllü ibadət evlərinə ixtisaslı mütəxəssislərin təyinatının həyata keçirilməsi ilə yanaşı, həm də cəmiyyətdə milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizm və ekstremizmlə ideoloji zəmində mübarizənin aparılması, İslam dini ilə bağlı sağlam maarifçilik işinin təşkilinin təmin edilməsi məqsədilə “İslamşünaslıq” ixtisası üzrə kadrların hazırlanmasına ciddi ehtiyac var.

Ona görə də bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifi əsasında Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nda dəyişiklik edib. Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının "Humanitar və sosial ixtisaslar qrupu" bölməsinə "İslamşümaslıq" ixtisası əlavə olunub”.

Yeni yaradılan ixtisasın ödənişsiz təhsil verəcəyi də bildirilib.

“Bu ildən etibarən Azərbaycan İlahiyyat İnstitutuna “Dinşünaslıq” ixtisası ilə yanaşı, “İslamşünaslıq” ixtisası üzrə də tələbə qəbulu aparılması nəzərdə tutulur. “Dinşünaslıq” ixtisasından fərqli olaraq “İslamşünaslıq” ixtisasına qəbul üçün abituriyentlərin Dini-Psixoloji Komissiyadan keçməsi məqsədəuyğun sayılır. Həmçinin,  Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsiz olacaq”.